Xidmətdən buraxılan hərbi qulluqçular üçün işdən çıxarma pulu dəyişib

Nazirlər Kabineti “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarda dəyişiklik edib.

Aznews.az xəbər verir ki, qaydanın adı dəyişdirilib, “Hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə ödənilən işdənçıxarma müavinətinin miqdarı və ödənilməsi şərtləri haqqında” olacaq.

Hazırda məhkəmənin qərarı ilə xidmətdən buraxılanlar istisna olmaqla, hərbi xidmətdən başqa əsaslara görə buraxılmış zabitlərə daxili işlər və ədliyyə orqanlarının orta, böyük və yüksək rəis heyətinə mənsub şəxslərə iki aylıq maaş həcmində işdən çıxarma pulu verilir. Dəyişikliyə əsasən, gələn il yanvarın 1-dən bu halda hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə iki aylıq vəzifə və rütbə maaşı həcmində işdən çıxarma pulu veriləcək.

İndi pensiya almaq hüququ olmadan tərxis edilən, uzun müddət xidməti dörd ildən az olan gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə maaşın yarısı, uzun müddət xidməti dörd il və daha çox olanlara aylıq maaş və dörd ildən əlavə hər il üçün maaşın beşdə biri həcmində işdən çıxarma pulu verilir. Gələn ildən “pensiya hüququ olmadan xidmətdən buraxılan, təqvimi xidmət müddəti dörd ildən az olan gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərə bir aylıq vəzifə və rütbə maaşının 50 faizi həcmində, təqvimi dörd il və daha artıq xidmət edənlərə dörd il xidmətə görə bir aylıq vəzifə və rütbə maaşı və dörd ildən artıq xidmətin hər tam təqvim ili üçün əlavə olaraq bir aylıq vəzifə və rütbə maaşının 20 faizi həcmində, lakin ümumi məbləği iki aylıq vəzifə və rütbə maaşından çox olmamaqla işdən çıxarma pulu veriləcək.

İndi gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərə işdən çıxarma pulu verilməsi üçün uzun müddət xidmət bu qərarla müəyyənləşdirilmiş qaydada hesablanır (güzəşti şərtlər nəzərə alınmaqla). Həm də əgər onların keçdiyi xidmətdə fasilələr olmuşdursa, işdən çıxarılma pulu verilməsi üçün uzun müddət xidmətə yalnız tərxisdənqabaq fasiləsiz xidmət aid edilir. Gələn il yanvarın 1-dən gizirlərin, miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərin xidmət müddətində fasilələr olduğu halda, onlara işdənçıxarma müavinəti yalnız sonuncu xidmət müddəti nəzərə alınmaqla veriləcək.
Hazırda qüvvədə olan qaydaya əsasən, hədd yaşına çatdığına, səhhətinə və ştat ixtisarına görə, pensiya almaq hüququ saxlanmadan hərbi xidmətdən tərxis edilmiş zabit heyətinə daxili işlər və ədliyyə orqanlarının orta, böyük və yüksək rəis heyətinə mənsub şəxslərə işdən çıxarılma pulunun hərbi və ya xüsusi rütbə üzrə verilməsi tərxis günündən etibarən bir il ərzində davam edir. Xidmətdən tərxis olunmaqdan əvvəl mülki nazirliklərdə, baş idarələrdə, müəssisə və təşkilatlarda işləmiş, tərxisdən sonra əvvəlki işdə qalmış şəxslərə, habelə “Ümumi əsgəri vəzifə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırış üzrə 2 -3 il həqiqi hərbi xidmətdə olmuş şəxslərə yuxarıda göstərilən işdən çıxarılma pulu verilmir. 2026-cı il yanvarın 1-dən pensiya hüququ olmadan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmanın son yaş həddinə çatmasına, xəstəliyinə və ya ştat ixtisarına görə həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara işdənçıxarma müavinətinin hərbi rütbə üzrə verilməsi hərbi xidmətdən buraxıldığı gündən etibarən bir il ərzində davam edəcək. Hərbi və xüsusi rütbə nəzərdə tutulmayan digər dövlət orqanlarında (qurumlarında), müəssisə və təşkilatlarda işləyən, iş yeri və orta aylıq əməkhaqqı saxlanılan “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna əsasən səfərbərlik üzrə hərbi xidmətə (toplanışa) çağırılmış hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə, habelə müddətli həqiqi hərbi xidmətdən birbaşa zabit hərbi rütbəsi verilməklə buraxılmış şəxslərə işdənçıxarma müavinəti verilməyəcək.