- Toplum
- 30 Oktyabr 21:34
- 1 021
BDU-nun Hüquq fakültəsi 44 günlük müharibədə savaşmış məzunları ilə görüş keçirdi
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 30 oktyabr 2025-ci il tarixində “Zəfər carçıları” adlı tədbir keçirilmişdir. Şanlı Zəfərin 5 illiyinə həsr edilmiş və Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçılarının iştirakı ilə keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı tərəfindən Zəfər Günü ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev iştirakçıları və qonaqları salamlamış, fakültənin məzunlarının 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, onların Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müxtəlif orden və medallarla təltif olunmaqlarından bəhs etmişdir. Dekan qeyd etmişdir ki, bu il Zəfərimizin 5 illiyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində qeyd olunur. Zaur Əliyev çıxışında 30 ildən artıq işğal altında qalmış torpaqlarımızın azad edilməsinin xalqımızın birliyi, Ordumuzun igidliyi və dövlət başçısının qətiyyətli siyasəti nəticəsində mümkün olduğunu, Zəfərimizin təməlinin hüquqi, demokratik, müstəqil və güclü Azərbaycan dövləti yaratmaqla Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulamış, Vətən müharibəsi qəhrəmanlarının adlarının daim hörmət və ehtiramla anıldığını bildirmişdir. Fakültə dekanı, Qarabağda aparılan quruculuq və bərpa işlərində, o cümlədən dini və mədəni abidələrin bərpasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulamışdır.
Tədbirdə Hüquq fakültəsinin məzunları olan Vətən müharibəsi iştirakçıları - Yusifkamal Paşabəyli, Rauf Əzimov, Gümrah Məmmədov, Şamo İsmayılbəyli, Tərlan Həmidov, Fuad Qəşəmzadə, Ceyhun İsmayıllı, Şəfi Rüstəmbəyli, eləcə də müharibədə şəhid olmuş Hüquq fakültəsinin məzunu Ceyhun Şalıyevin qardaşı Kamal Şalıyev iştirak etmişlər.
Müharibə iştirakçıları çıxışlarında döyüş yolu və cəbhə xatirələri haqqında danışmış, əsgər və zabitlərin fədakarlığından, xalqımızın birliyindən, bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs etmişlər. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandıqları qələbəni və bu yolda aparılan mübarizəni böyük fəxarət hissi ilə vurğulamışlar. Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Cabir Quliyev çıxışında Vətən müharibəsində iştirak etmiş Hüquq fakültəsinin tələbə və məzunlarının qəhrəmanlıqlarından bəhs etmişdir.
Tədbirin sonunda Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları göstərdikləri igidliyə görə təşəkkürnamələrlə təltif olunmuşlar.
“Zəfər carçıları” adlı tədbir yüksək vətənpərvərlik ruhunda keçmiş, iştirakçılarda qürur və iftixar hissi doğurmuşdur.
AzNews.az