- Toplum
- 09:21
- 1 596
KT və MRT-nin maliyyə mexanizmi digər tibbi xidmətlərə də tətbiq oluna bilər
Bu gün yalnız KT və MRT xidmətlərində tətbiq olunan mexanizmin gələcəkdə mərhələli şəkildə digər diaqnostik xidmətlərə, laborator analizlərə, PET-CT, angioqrafiya və ixtisaslaşdırılmış ambulator müayinələrə də şamil olunması mümkündür.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
O bildirib ki, bu, sistemin real tələblərinə və maliyyə dayanıqlığına uyğun bir addımdır:
"Bu ildən etibarən icbari tibbi sığorta çərçivəsində KT və MRT xidmətlərinin müştərək maliyyələşmə prinsipi ilə göstərilməsi səhiyyə sisteminin davamlı inkişafı baxımından mühüm mərhələ sayılmalıdır.
Əslində, bu mexanizmin məqsədi vətəndaşın üzərinə əlavə yük qoymaq deyil, səhiyyə sistemində məsuliyyətin və resurs bölgüsünün ədalətli şəkildə qurulmasıdır. Uzunmüddətli məqsəd həm vətəndaş, həm tibb müəssisəsi, həm də dövlət üçün davamlı və keyfiyyətli xidmət modelinin formalaşdırılmasıdır.
İllərdir tibbi xidmətlər tam dövlət hesabına təqdim olunduğu üçün bəzi hallarda vətəndaşın yönləndirmə sistemi (ailə həkimi, ixtisaslı həkim, sığorta qaydaları) ilə bağlı qaydalara laqeyd münasibət yaranırdı. Müştərək maliyyələşmə bu yanaşmanı dəyişmək üçün stimullaşdırıcı bir vasitədir. Yəni vətəndaş göndəriş olmadan və ya qeydiyyatda olmadığı yerdə xidmətə müraciət edərsə, müəyyən hissəni özü qarşılayacaq. Bu, həm maliyyə yükünün balanslaşdırılması, həm də xidmətə daha şüurlu müraciətin təşviqidir".
Rəşad Mahmudovun sözlərinə görə, müştərək maliyyələşmə səhiyyənin mahiyyətini dəyişmir, əksinə, onu daha rasional və şəffaf edir.
"Əgər mexanizm düzgün tətbiq olunarsa, bu model həm vətəndaşın məsuliyyətini artıracaq, həm xidmət keyfiyyətini yüksəldəcək, həm də icbari tibbi sığortanın uzunmüddətli sabitliyini təmin edəcək.
Bu sistemin əsas məqsədi vətəndaşdan əlavə ödəniş almaq deyil, səhiyyənin maliyyə və etik dayanıqlığını təmin etməkdir. Bu, həm xəstənin, həm həkimin, həm də dövlətin maraqlarını eyni səviyyədə qoruyan bir balans mexanizmidir",- deyə o fikirlərini tamamlayıb.
Qeyd edək ki, ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək maliyyələşmə məbləği hesabına ödənilir.
AzNews.az