Keçən il 697 bələdiyyə aktı ləğv edilib

Keçən il 697 bələdiyyə aktı ləğv edilib.

Aznews.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2025-ci il üzrə)" əksini tapıb.

Qeyd edilib ki, il ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 81711 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1935) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilmiş, nəticədə 79448 (97,2%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan 1645 (2%) aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib, 618 akt (0,8%) isə növbəti ilə qalıq keçib.

Verilmiş təkliflər əsasında bələdiyyələr tərəfindən 644 (0,79%) akt ləğv edilib, 950 (1,16%) akt dəyişdirilib, 44 (0,05%) təklif isə növbəti ilə qalıq keçib. Bələdiyyələr tərəfindən təmin olunmayan 7 (0,008%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4132 müraciətdən 3618-nə (87%) baxılıb, 204-ü (5%) aidiyyəti üzrə göndərilib, 310 (8%) müraciət isə növbəti ilə qalıq keçib. Müraciətlər üzrə inzibati nəzarət icraatı nəticəsində aşkar edilərək dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə verilmiş təkliflər əsasında qanunvericiliyin tələblərinə zidd 53 bələdiyyə aktının hamısı ləğv edilib.

Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 1698 aktdan 697-si (41%) ləğv edilib, 950-si (56%) dəyişdirilib, 7 (0,4%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 44 (2,6%) təklif isə növbəti ilə qalıq keçib.

Xüsusi qeyd olunur ki, birləşmə nəticə-sində ölkə üzrə bələdiyyələrin sayı 57% azalsa da, 2024-2025-ci illər üzrə məlumatların müqayisəli təhlilindən görünür ki, bir sıra göstəricilər buna mütənasib şəkildə azalmamış, əksinə müəyyən sahələrdə artım müşahidə olunub. Belə ki, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, onların fəaliyyətinin təşkilinə kömək və metodoloji yardım tədbirlərinin effektivliyinin yüksəldil-məsi nəticəsində cari ildə fəaliyyəti yoxlanılmış bələdiyyələrin sayında 33%, aidiyyəti hüquq mühafizə orqanlarına göndərilmiş materialların sayında 22%, məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokolların təmini nisbətində 11% artıma nail olunub.

Bununla yanaşı, əvvəlki illə müqayisədə bələdiyyələr tərəfindən qəbul edilən aktların sayında cəmi 20%, həyata keçirilən maarifçilik tədbirlərinin sayında 7% və həmin tədbirlərə cəlb olunmuş iştirakçıların sayında cəmi 18% azalma olub. Eyni zamanda dəyişdirilməsi və ya ləğv edilməsi barədə təklif verilmiş aktların sayındakı 36%-lik və "Bələdiyyələrlə iş" informasiya sistemi vasitəsilə aktların elektron qaydada təqdim edilməsi imkanının yaradılması sayəsində məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokolların sayındakı 51%-lik enmə həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq cari ildə bələdiyyələrin fəaliyyətində keyfiyyət baxımından müsbət dəyişikliklərin mövcudluğunu bir daha təsdiq edir.