Pakistan Hindistana barışıq əli uzatdı - Əsir götürülən pilot...

"Artan gərginlik nə bizim, nə də Hindistanın marağına uyğundur".

Hindistan ilə Pakistan arasında müşahidə edilən böhranı aradan qaldırmaq üçün rəsmi İslamabad addım atmağa başlayıb.

Pakistanın baş naziri İmran Xan vurulan Hindistan qırıcılarından birinin əsir alınmış pilotunu sülhün əldə edilməsi niyyətinin göstəricisi kimi bu gün azadlığa buraxılacağını bildirib.

Baş nazir eyni zamanda iki ölkə arasında normal münasibətlərin yaranması üçün Türkiyənin vasitəçi olması təşəbbüsü ilə çıxış edib, bu məqsədlə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanla telefon müzakirələri aparıb.

Hindistanla gərgin münasibətlərdə haqda Pakistan parlamentində deputatlara izahat verən İmran Xan bildirib: “Dostlarımızla təmasda olacağıq və gərginliyin azaldılması üçün rol almalarını istəyəcəyik. Bu məqsədlə Türkiyə prezidenti ilə əlaqə saxlayacağam. Artan gərginlik nə bizim, nə də Hindistanın marağına uyğundur. Yanlış hesablara görə ölkələr məhv olar. Müharibə çıxış yolu deyil. Hindistan bir addım atarsa, buna qarşılıq verərək”.

Məlumat üçün qeyd edək ki, Pakistan baş naziri ölkə parlamentində çıxışından az sonra Türkiyə prezidentinə zəng edib. Telefon müzakirələrində Pakistan və Hindistan arasında yaşanan gərginlik və regional mövzular müzakirə edilib.

Hindistan baş naziri Narendra Modi isə dünən bəyan edib ki, Pakistan onun ölkəsinin istiqlalını pozmağa çalışır: “İnkişafımızı dayandırmaq istəyirlər. Onların planlarının qarşısında qaya kimi duracağıq”.

Hindistan ordusunun generalı Behal bəyan edib ki, müharibələri “terrora” qarşıdır və Pakistandakı “terror hədəflərini” yox etməyə hazırdırlar.(teleqraf.com)

AzNews.az