Rusiya Ukraynadan Avropa Şurasına şikayət etdi

"Avropa Şurasının bütün müvafiq orqanlarını buna reaksiya verməyə çağırırıq"

Rusiya Avropa Şurasını bu gün Ukraynada qüvvəyə minən yeni Ukrayna dili haqqında qanuna reaksiya verməyə çağırıb.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya nümayəndəliyi tvitterdə bu barədə məlumat yayıb.

"16 iyul "Ukrayna dilinin dövlət dili kimi fəaliyyəti haqqında" qanun qüvvəyə minir. Biz hesab edirik ki, bu qanun Ukraynanın Avropa Şurasındakı öhdəliklərinə ziddir. Avropa Şurasının bütün müvafiq orqanlarını buna reaksiya verməyə çağırırıq", - deyə bildirilir.

Ukraynanın Ali Radasının 25 aprel 2019-cu il tarixində təsdiqlədiyi və mayın 15-də Ukraynanın o zamankı prezidenti Petro Poroşenko tərəfindən imzalanan qanun layihəsinə görə, bundan sonra vətəndaşlar həyatlarının bütün sahələrində Ukrayna dilindən istifadə etməyə borcludur.

Qaydalara riayət olunmasına nəzarət etmək üçün xüsusi dil müfəttişləri təyin ediləcək. Onlar istənilən hakimiyyət orqanlarının iclaslarında iştirak etmək, qeyri-hökumət təşkilatlarından və siyasi partiyalardan yoxlama üçün sənədləri tələb etmək və cərimə tətbiq etmək hüququna malik olacaqlar.

Pərvanə Ağazadə

AzNews.az