Ukraynada 4 mindən çox tibb işçisi virusa yoluxub

Bu rəqəm ümumi yoluxma hallarının 20 faizini təşkil edir

Ukraynada koronavirusa yoluxan tibb işçilərinin sayı 4112-yə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə naziri Maksim Stepanov açıqlama verib. O bildirilib ki, bu rəqəm ümumi yoluxma hallarının 20 faizini təşkil edir. Nazir bunu ölkənin səhiyyə sisteminin pandemiyaya hazırlıqsız olması ilə əlaqələndirib: “Bu ona görə baş verdi ki, başlanğıcda xəstəxanalarımız epidemiyaya hazır deyildi. Şəxsi qoruyucu vasitələrimiz, respiratorlarımız, maskalarımız yox idi. Həm də xəstələrin yerləşdirilmə yolları hesablanmadı. Xəstənin hara yerləşdirilməsi məsələsi epidemiyanın qızğın dönəmində müəyyən olundu. Bu, böyük bir problemdir, amma bunu təhlil etdik və addımlarımızı verilən nəticələr əsasında planlaşdırdıq”.

Stepanov, həmçinin qeyd edib ki, həkimləri lazımi vasitələrlə təmin etməklə yanaşı, onların xidmət zamanı istifadə etdikləri üç aylıq fərdi qoruyucu vasitələrinə də ehtiyacları var.

“Artıq bunun üçün lazım olan məbləği hesablayırıq. Bütün lazımı ehtiyat qoruyucu vasitələri dərhal xəstəxanalarda olmalıdır”,- deyə nazir bildirib.

Qeyd edək ki, Ukraynada 21 245 insan koronavirusa yoluxub, 623 nəfər xəstəlik səbəbindən həyatını itirib.