Mədət Quliyev BƏƏ baş nazirinin müavini ilə görüşüb

Şeyx Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin qardaş ölkə olduğunu vurğulayıb

Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini , Prezident işləri naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşü baş tutub.

Müdafiə Sənayesi Nazirliyindən AzNews.aza verilən məlumata görə, görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Şeyx Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin qardaş ölkə olduğunu vurğulayaraq hər bir sahədə qarşılıqlı əməkdaşlığın faydalarından danışıb, hər iki ölkə arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.Mədət Quliyev Baş nazirin müavinindən Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyana çatdırmasını xahiş edib.

Xatırladaq ki, sərgi zamanı müdafiə sənayesi naziri Mədət Quliyevin BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub. “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisi öz işini fevralın 25-dək davam etdirəcək.

AzNews.az