Meksikada üç günlük matəm elan olundu

Bununla bağlı ölkə Prezidenti müvafiq fərman imzalayıb

Meksikada mayın 3-ü baş verən metro faciəsi ilə əlaqədar üç günlük matəm elan edilib.

AzNews.az xəbər verir ki, bununla bağlı ölkə Prezidenti Andres Manuel Lopez Obrador müvafiq fərman imzalayıb.

“3 may 2021-ci il tarixində Mexiko Siti metrosunun kollektiv nəqliyyat sisteminin 12-ci xəttindəki faciə ilə əlaqədar üç günlük milli matəm elan edildi”,- deyə sənəddə qeyd olunub.

Prezidentin fərmanı dərc edildiyi andan qüvvəyə minir və 7 may daxil olmaqla qüvvədə olacaq, dövlət bayraqları 4 və 6 may tarixlərində endiriləcək.

Xatırladaq ki, mayın 3-də Mexiko şəhərində metro körpüsünün qatar keçdiyi zaman çökməsi nəticəsində 25 nəfər həlak olub, 79 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.