Son üç ayda İrandan 717 mindən çox əfqan deportasiya edilib

Son üç ayda İrandan 717 min 658 Əfqanıstan vətəndaşı deportasiya edilib.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyinin Xarici Vətəndaşlar və Qaçqınlar Mərkəzinin rəhbəri Nadir Yarəhmədi bildirib.

Onun sözlərinə görə, Əfqanıstan vətəndaşlarının Xorasan-Rəzəvi əyalətindəki Doğarun, Cənubi Xorasan əyalətindəki Mahirud, Sistan və Bəlucistan əyalətindəki Milak sərhəd keçid məntəqlərindən keçməsinə icazə verilmir.

Bildirilib ki, Əfqanıstandan İslam Respublikasına sığınmış qaçqınlar İrandan Heratdakı İslam qala sərhəd keçid məntəqəsindən deportasiya edilib.

Bir ay əvvəl İran DİN elan etmişdi ki, İslıam Respublikası ərazisində qalması ilə bağlı sənədi olmayan əfqanıstanlılar iyulun 6-dək ölkəni tərk etməlidirlər.

Rəsmi Tehran ölkədə Əfqanıstandan olan qaçqınların sayının 6,1 milyon olduğunu elan edib, onlardan təxminən 4 milyonu, sənədsizdir və bu səbəbdən ölkəni tərk etməlidir.

N.Yarəhmədi İranda əfqanlara qarşı "irqçi" mövzulu təhqiredici videoların yayılmasınə şərh edib: "Biz irqçi deyilik və kiber məkanda dərc olunan kəskin ifadələrlə razı deyilik. Biz irqçi olsaydıq, illərlə əfqanıstanlılara sığınacaq verməzdik. Biz qonşuyuq və birlikdə yaşamalıyıq".

İran rəsmisinin bəyanatının əksinə olaraq, BMT agentlikləri bildirib ki, sərhədi keçən bir çox insan İran hakimiyyəti tərəfindən təzyiq və ya hətta həbs və məcburi deportasiyaya məruz qaldıqları barədə danışıblar. Məsələn, 38 yaşlı miqrant Aref Atai İranda əfqanların üzləşdiyi təzyiqlər barədə deyib: “Bəzi insanlar qorxduqlarından evdən çıxmır. Uşaqları bir parça çörək almağa göndərmirlər. Bəzən hətta uşaqları da həbs edirlər”.

BMT xəbərdarlıq edib ki, əfqanların geri qayıtması və deportasiyası dalğası onsuz da kəskin yoxsulluq, işsizlik, iqlim dəyişikliyinin nəticələri ilə mübarizə aparan ölkədə destabilizasiya yarada bilər.

Qurum Əfqanıstan qaçqınlarını qəbul edən ölkələri onları məcburi qaytarmamağa çağırıb.

Report