Sidneydəki silahlı hücumdan sonra Avstraliyada silah qanunları sərtləşdiriləcək

Avstraliyanın baş naziri Entoni Albanizi, Yeni Cənubi Uels (NSW) ştatına bağlı Sidney şəhərində çimərlikdə baş verən və 15 nəfərin həyatını itirdiyi silahlı hücumdan sonra silah qanunlarının sərtləşdiriləcəyini açıqlayıb.

Albanizi mətbuat konfransında bildirib ki, hökumət üzərinə düşəni edəcək və silah qanunları daha da sərtləşdiriləcək. Onun sözlərinə görə, bir şəxsin istifadə etdiyi və ya adına rəsmiləşdirilmiş silahların sayının məhdudlaşdırılması da daxil olmaqla daha sərt qaydalar məsələ kimi Milli Kabinetin gündəminə çıxarılacaq.

Baş nazir vurğulayıb ki, insanların vəziyyəti zamanla dəyişə bilər, buna görə də silah lisenziyaları daimi olmamalıdır. O əlavə edib ki, bəzi qaydalar federal, bəziləri isə ştat səviyyəsində tətbiq edilsə də, bu mövzuda ümumi razılıq əldə etməyə çalışacaqlar.

Xatırladaq ki, hücumu həyata keçirənlərdən 50 yaşlı atanın lisenziyalı silah sahibi olduğu, ona məxsus 6 silahın olduğu və hadisə yerində də 6 silahın ələ keçirildiyi açıqlanmışdı.

Sidneydəki Bondi çimərliyində baş verən silahlı hücumda şübhəlilərdən biri öldürülüb, digəri isə yaralı halda saxlanılıb. Polis hücumun ata-oğul tərəfindən törədildiyini, nəticədə 15 nəfərin öldüyünü, 42 nəfərin yaralandığını bildirib.

Albanizi hücumun yəhudi əsilli avstraliyalılara yönəldiyini qeyd edib. Avstraliyadakı müsəlman icmasının nümayəndələri hücumu qınayaraq, zərərçəkənlər və onların ailələri ilə həmrəylik ifadə ediblər.

Hadisə zamanı cəsarətlə müdaxilə edərək şübhəlilərdən birinin əlindən silahı alan Əhməd əl-Əhməd Avstraliya mediasında geniş müzakirə olunub.

Mövsüm,

AzNews.az