ABŞ ölkəni könüllü tərk edən qanunsuz miqrantlara 3000 dollar ödəyəcək

ABŞ administrasiyası ölkəni könüllü tərk edən qanunsuz immiqrantlar üçün mükafatı 3000 dollara qədər artırmaq qərarına gəlib.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem açıqlama verib.

Nazir sözügedən ödənişin bu ilin sonuna qədər könüllü olaraq ölkədən getmək qərarına gələnlərə aid olduğunu bildiri.

"Bu bayram mövsümündə ABŞ vergi ödəyiciləri qanunsuz immiqrantların ölkəni könüllü tərk etmələri üçün stimulu üçqat artırıblar. İlin sonuna qədər “CBP Home” Tətbiqindən istifadə edərək ölkəni tərk edən qanunsuz immiqrantlar 3000 dollar bonus almaq hüququna malik olacaqlar", - nazir əlavə edib.

Həmin şəxslərin təyyarə bileti də ABŞ hökuməti tərəfindən ödəniləcək. Bundan əlavə, immiqrasiya pozuntularına görə cərimələr və digər cəzalar da bağışlanacaq.

Qeyd edək ki, bu ilin yanvar ayından bəri 1,9 milyon qanunsuz immiqrant ABŞ-ı könüllü şəkildə tərk edərək öz ölkəsinə qayıdıb.