Özbəkistan sərhədlərini "Bayraqdar"a tapşırdı

Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Bəhadır Kurbanov ölkənin sərhəd mühafizə qoşunları tərkibində Bayraktar pilotsuz uçuş aparatları (PUA/İHA) ilə təchiz edilmiş xüsusi bir bölmənin yaradıldığını açıqlayıb.

Özbəkistan Prezident Administrasiyasının yaydığı məlumata görə, Milli Təhlükəsizlik Şurasının iclasında Prezident Şavkat Mirziyoyevə məruzə edən Kurbanov sərhəd mühafizə sisteminin müasir texnologiyalarla gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Kurbanov bildirib ki, sərhəd mühafizə qoşunları çərçivəsində Bayraktar İHA-larla təchiz edilmiş yeni xüsusi bölmə artıq fəaliyyətə başlayıb. Onun sözlərinə görə, bu addım sərhəd təhlükəsizliyinin operativ və texnoloji imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Prezident Şavkat Mirziyoyevin Əfqanıstanla sərhəddə yerləşən Surxandərya vilayətindəki hərbi hissəyə səfəri zamanı Bayraktar TB2 İHA-ların uçuş nümayişi keçirilmişdi. Lakin indiyədək Özbəkistan rəsmiləri tərəfindən Bayraktar İHA-larının rəsmi şəkildə alındığına dair açıqlama verilməmişdi. Bu açıqlama isə ilk dəfə olaraq Bayraktarların Özbəkistanın sərhəd mühafizə sistemində faktiki istifadəyə başladığını təsdiqləyir.

Mövsüm Novruzoğlu