Netanyahu: İran rejimi daxildən çökəcək

İsrailin Baş naziri Binyamin Netanyahu İrana qarşı müharibə ilə bağlı deyib: "Biz yolun yarısını qət etmişik. Lakin mən bunun üçün bir cədvəl müəyyən etmək istəmirəm".

AzNews.az xəbər verir ki, ABŞ-da yerləşən Newsmax xəbər agentliyinə verdiyi müsahibədə İsrailin Baş naziri Binyamin Netanyahu İrana qarşı aparılan müharibə ilə bağlı fikirlərini bildirib.

Netanyahu müharibənin məqsədlərinin yarıdan çoxuna nail olunduğunu bildirsə də, müharibənin nə vaxt bitəcəyi barədə şərh verməkdən çəkinib: "Biz zəruri yolun yarısını keçdik. Amma mən bunun üçün bir cədvəl müəyyən etmək istəmirəm".

Netanyahu müharibədə "zaman baxımından deyil, tapşırıqlar baxımından" yarı yolun keçildiyini vurğulayıb.

İran İnqilab Keşikçiləri Korpusunun minlərlə üzvünün öldürülməsi də daxil olmaqla bir çox məqsədə çatdıqlarını vurğulayan Netanyahu "İranın silah sənayesini məhv etməyə çox yaxınıq. Bütün sənaye bazasını, bütün fabriklərini və nüvə proqramını məhv edirik" deyə vurğulayıb.

Netanyahu İrandakı rejimin süqut edəcəyinə inandığını bildirib: "Düşünürəm ki, bu rejim daxildən çökəcək. Amma hazırda etdiyimiz şey onların hərbi imkanlarını, raket qabiliyyətlərini, nüvə qabiliyyətlərini azaltmaq və onları daxildən zəiflətməkdir".

AzNews.az