Pakistan Əfqanıstanla sərhəddə 26 terrorçunu zərərsizləşdirdi

Pakistan ordusu Əfqanıstanla sərhəddə keçirilən əməliyyat zamanı 26 terrorçunu zərərsizləşdirib.

AzNews.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar “Geo TV”yə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, əməliyyat zamanı ölkədə baş verən son terror hadisələrinin təşkilatçılarına məxsus gizlənmə və təlim düşərgələri, eləcə də silah-sursat anbarları hədəf alınıb.

Tarar qeyd edib ki, həyata keçirilən dəqiq zərbələr nəticəsində təhlükə yaradan qruplaşmaların infrastrukturu ciddi zərər görüb.

Qeyd edək ki, bundan əvvəl Taliban hökuməti Pakistan tərəfindən Əfqanıstan ərazisinə endirilən zərbələr nəticəsində 13 mülki şəxsin, o cümlədən uşaqların həlak olduğunu, daha 14 nəfərin isə yaralandığını açıqlamışdı.

Tərəflər arasında sərhəd bölgəsində gərginlik son günlər artıb və qarşılıqlı ittihamlar davam edir.