- Müşahidə məntəqəsi
- 12 İyul 2021 10:31
- 13 816
“Bu halda Qərbi Zəngəzurda azərbaycanlıların məskunlaşması prosesi yenidən başlaya bilər”

Politoloq: “Ölkə başçısı Zəngəzur məsələsinin üzərində olduqca inadla dayanır”
Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalayıb. Fərmana əsasən, Xankəndi şəhəri, Xocavənd və Xocalı rayonlarının da daxil olduğu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Yeni yaradılan Şərqi Zəngəzur iqtisadi rayonu işğaldan azad olunmuş Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını əhatə edir.
Bu iqtisadi rayonların strateji əhəmiyyəti ilə bağlı politoloq Samir Hümbətov AzNews.az analitik-informasiya portalına açıqlama verib.
Siyasi şərhçi bildirib ki, Azərbaycan nəinki Qarabağdan, əzəli torpaqları Zəngəzur, Göyçə və Ermənistanın bu gün mövcud olduğu ərazilərdən iddiasını geri götürmür.
“Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra həmin regionda yeni iqtisadi layihələrin həyata keçirilməsinə başlanılıb. Sosial-iqtisadi inkişaf planının tətbiq edilməsi region üçün yeni mərhələni təşkil edir.
Buna uyğun olaraq ölkə başçısı İlham Əliyev də yeni iqtisadi rayonların yaradılması layihəsini həyata keçirir. İşğaldan azad ediliş ərazilərin bir hissəsi kimi Şərqi Zəngəzur da artıq həm Azərbaycanın həm də dünyanın siyasi ədəbiyyatına daxil oldu.
Bunlar onu göstərdi ki, ölkə başçısı Zəngəzur məsələsinin üzərində olduqca inadla dayanır. Bu məsələ artıq Azərbaycanın prioritet məsələsinə çevrilib. Şərqi Zəngəzur iqtisadi rayonun böyük strateji əhəmiyyəti var.
Şərq olması Şərqi Zəngəzurun qərb hissəsinin də olduğunu göstərir. Bu gün həmin ərazilər Ermənistanın suverenliyi altında göstərilir. Strateji əhəmiyyəti ona görə böyükdür ki, həmin ərazidə Zəngəzur koridorunun açılması nəzərdə tutulur. Bölgüdə Xankəndi, Xocavənd, Xocalı da iqtisadi rayonlar olaraq Qarabağın ərazisinə daxil olub. Bu Azərbaycan hökümətinin Xankəndindən əl çəkmədiyini, Xankəndi və digər əraziləri başqasına güzəştə getməyəcəyini göstərir. Xankəndi, Xocavənd, Xocalı iqtisadi rayon olaraq Azərbaycanın suverenliyi altındadır. Azərbaycan gec-tez bu iqtisadi rayonların suverenliyini tam şəkildə təmin edəcək".
S. Hümbətov Şərqi Zəngəzur iqtisadi rayonunun Qərbi Zəngəzura qayıdışın başlanğıcı olduğunu və azərbaycanlıların Qərbi Zəngəzurda məskunlaşdırılması prosesinin yenidən başlaya biləcəyini vurğulayıb:
“Biz artıq Şərqi Zəngəzurdayıqsa, Qərbi Zəngəzurda da ola bilərik. Orada azərbaycanlılar uzun illər məskunlaşıblar. 1988-ci ildən öz doğma dədə-baba yurdlarından deportasiya olunublar.
Qarşıdakı dövrlərdə Azərbaycan və Ermənistan arasında atılacaq qarşılıq sülh müqaviləsində əsas məsələlərdən biri də budur. Ola bilər ki, həmin ərazilərdən zorla deportasiya edilmiş azərbaycanlıların Qərbi Zəngəzurda məskunlaşdırılması prosesi yenidən başlasın. Ermənistanın suverenliyi altında olsa belə həmin ərazilərdə azərbaycanlıların məskunlaşdırma prosesinin getməsi labüddür.
Politoloq sonda deyib ki, Zəngəzur ərazisinin Azərbaycana düşən hissəsinin vahid iqtisadi- siyasi adla çağırılması Azərbaycanın həm Ermənistana, həm Ermənistana dəstək verən qüvvələrə açıq şəkildə mesajıdır.
Şəbnəm Zahir
AzNews.az