Qarabağ erməniləri niyə silahlanır? - “Bu məsələni sülh yolu ilə həll etmək mümkün deyil“

"Mülki əhaliyə silah paylamaq gözdən pərdə asmaqdır"

Qarabağda separatçılar yenidən silahlanır. Baş separatçı Araik Arutyunyanın “proqram” xarakterli çıxışı da bunu təsdiqləyir.

Separatçıların başçısı deyib ki, silahlar haqqında qanuna dəyişikliklərlə silah əldə etmək imkanları genişləndiriləcək. Eyni zamanda Azərbaycana qarşı mülki əhalidən ibarət “könüllü dəstələr” formalaşdırılacaq.

Separatçı rejimin rəhbəri qondarma Dağlıq Qarabağ Muxtar Vilayətini yenidən bərpa edəcəklərinə ümidvar olduğunu bildirib.

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, bildirib ki, mülki əhaliyə silah paylamaq gözdən pərdə asmaqdır:

“Burada söhbət Qarabağın mülki əhalisinin silahlandırılmasından gedir. Hansı mülki əhali nəzərdə tutulur? 17 min nəfərin içərisində əli silah tutan nə qədər adam ola bilər? Olsa-olsa 1500-2000 nəfər. Separatçıların başçısının fikri tamam başqadır. O, mülki əhalini deyil, həmin ərazilərdə yerləşən və Ermənistan silahlı qüvvələrinə məxsus olan 14-15 min civarındakı silahlı quldur dəstələrini nəzərdə tutur.

Əgər qondarma parlamentin bu proseslə bağlı qərarı olsa, o zaman Azərbaycan Ermənistanla olan danışıqlar prosesində Qarabağ ərazisindən erməni silahlı qüvvələrinin çıxarılmasını daha kəskin şəkildə ortaya qoyacaq.

Onların qara fikirləri var. Dağlıq Qarabağın bütün ərazilərini bərpa etmək. Mülki əhaliyə silah paylamaq gözdən pərdə asmaqdır. Ermənilər orada müharibədən öncə dislokasiya edilmiş erməni silahlı qüvvələrinə legitimlik qazandırmağa çalışırlar. Azərbaycan səsini çıxaran zaman isə deyəcəklər ki, “burada yaşayanlara özlərini müdafiə etmələri üçün silah vermişik”. Bu çox hiyləgər bir siyasətdir”.

Q.Hüseynli sülhməramlılar haqqında da danışıb:

“Rus sülhməramlıları isə verdikləri heç bir sözə əməl etmirlər. Bu yetməmiş kimi ermənilər şirnikləndirirlər. Ermənilər gözümüzün qarşısında rus sülhməramlılarının köməkliyi ilə provakasiyalara hazırlaşırlar.

Görünür ki, bu məsələni sülh yolu ilə həll etmək mümkün deyil”.

Aznews.az