- Müşahidə məntəqəsi
- 7 Aprel 2023 12:15
- 25 802
Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə edir"
Rusiya sülhməramlılarının hərbi yükləri adı altında resurslarımız daşınır
“Tələblərin dəyişdirilməsi ilə bağlı iddia olunan fikirlərin heç biri doğru deyil. Oradakı tələblər əvvəlki kimidir və dəyişdirilməsi gözlənilmir”
Bunu AzNews.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi və resurslarımızın qanunsuz şəkildə talanmasının qarşısının alınması bir-birinə bağlı proseslərdir:
“Ekoloji aktivistlərimizin etirazları regionun resurslarının talanmasına son qoyulana qədər bu proses davam edəcək. Burada hərhansı bir siyasi qərarla yaxud da hərhansı siyasi təzyiqlə bu prosesin dayandırılması iddiaları doğru deyil. Aksiyanın yalnız Xankəndidə yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra başa çatmasının haqqında səslənən fikirlərlə bağlı onu qeyd edim ki, bunlar bir-birinə əlaqəli məsələlərdir. Qarabağın ressurslarının talanması Xankəndi, Qarabağın bu gün üçün bizim nəzarətimizdə olmayan hissələrində Azərbaycan dövlətinin suverenliyi bərpa olunandan sonra dayana bilər. Ondan öncə bu talanın dayanmasını ehtimal etmək zatən özü sadəlövhlükdür. Oradakı Ruben Vardanyan və separatçı rejimın digər simaları resursları talamaqdan dayanacaqlarmı?! Bizim ekoloji fəallarımızın etirazlarından sonra da resurslarımızın talanması davam edir. Əvvəl özləri daşıyırdılar, indi isə qeyri-qanuni olaraq çıxarılan resurslar Rusiya sülhməramlılarının maşınlarında da daşınır. Xankəndi, Qarabağın nəzarətimizdə olmayan ərazilərində Azərbaycanın suverenliyini bərpa etməsi və ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi bir-birinə bağlı proseslərdir. Bunun birinin olub, digərinin olmaması mümkün deyil".
Politoloq bildirib ki, prosesin uzadılması məsələsində Qarabağdakı ermənilərdən istifadə edilir. Ermənistan erməniləri Qarabağda saxlamaqla Azərbaycanı şantaj etməyi düşünür.
"Əvvəl işğal edib, işğalçı qismində danışırdı, indi isə erməni əhali hüquqları və s. kimi mövzularla şantaj edir. Bu mərhələdə də tək deyillər, onları istifadə edən kənar qüvvələr, Rusiya sülhməramlılarıdır.
Məsələn, aprelin 4-də hazırlanan təxribatda, Ermənistandan gələn bir qrup şəxs sərhədi keçmək istəyib. Rusiya “sülhməramlıları” ənənəvi olaraq Azərbaycan tərəfini əvvəlcədən belə hallarda məlumatlandırmalı olduğu halda bu qəfil səfərlə bağlı heç bir məlumat verməyiblər.
Avtomobildə təkcə qadınlar, qocalar və uşaqlar deyil həm də hərbi çağırış yaşında olan kişilər olublar.
Aparılan danışıqlar zamanı məlum olub ki, avtomobillərdə olan bir neçə erməniyə təcili tibbi yardım lazımdır.
Bununla əlaqədar ərazidə olan azərbaycanlı həkimlər dərhal ilk tibbi yardım xidməti göstəriblər.
Həkimlər yaxınlaşan zaman Rusiya sülhməramlılarının maşınlarından enən iki erməni qadın, sülhməramlıların digər maşınından düşən "jurnalist"ə qəfil müsahibə verməyə başlayıblar.
Rusiya sülhməramlılarının maşınında gələn qadın və jurnalist “müsahibə” zamanı azərbaycanlı ekofəalların görüntülərini çəkib , onlara aqressiv formada səsləniblər və s. Bununla təxribat edib daha sonra erməni dezinformasiya maşınının istifadəsi üçün materiallar hazırlamağa başlayıblar. Azərbaycanlı ekofəalları təxribata çəkməklə zəmin hazırlamağa cəhd ediblər. Ekofəallarımız isə təxribata uymayaraq erməni və Rusiya sülhməramlılarının birgə təxribat əməliyyatı planlarını pozublar. Digər tərəfdən burada İran faktoru var. İran aktiv olaraq Qarabağdakı ermənilərə hər cür maddi-mənəvi dəstək verir".
Ekspert burada Avropa Birliyinin də rolu olduğu qənaətindədir:
"Başda Fransa olmaqla Avropa İttifaqı Qarabağdakı erməniləri istifadə edərək Cənubi Qafqazda öz mövcudluğunu formalaşdırdı. İndi isə onu inkişaf etdirməyə çalışır. Məhz Ermənistan-Azərbaycan sərhədində gərginlikdən istifadə edərək öz mövcudluğu üçün əsaslar formalaşdırdı və mülki missiya qismində bölgəyə gəldi. İndi də mövcudluğunu inkişaf etdirməyin yollarını axtarır və bunun üçün Qarabağdakı ermənilərdən istifadə etmək istəyir. Biz Avropa Birliyinin mülki missiyasının rəhbərliyinin alman mediasına verdiyi müsahibəsindən bu məqsədin elementlərini açıq sezməkdəyik. Bir sıra dairələr var ki, Azərbaycana qarşı bundan istifadə edirlər. Bununla heçnə əldə etməyəcəklər. Çünki tutduqları yolun sonu yoxdur".
Y. Hacıyeva sonda vurğulayıb ki, Qarabağda legitim əsaslarla Azərbaycan konstitusiyasının bütün şərtləri bərpa olunacaq:
"Qarabağ de-yure Azərbaycanın yurisdiksiyasındadır, de-fakto da Azərbaycanın yurisdiksiyasına girəcək".
Rəşid QARAYEV,
AzNews.az