"İran özü də Qafqazdan qovulduğunu görür. Yalnız bir ümidi var ki, Rusiya və Ermənistan vasitəsilə özünü Qafqazda saxlayacaq" "İran özü də Qafqazdan qovulduğunu görür. Yalnız bir ümidi var ki, Rusiya və Ermənistan vasitəsilə özünü Qafqazda saxlayacaq"

Əhməd Obalı: "İran ermənilərin məğlubiyyətini həzm edə bilmir"

"İran özü də Qafqazdan qovulduğunu görür. Yalnız bir ümidi var ki, Rusiya və Ermənistan vasitəsilə özünü Qafqazda saxlayacaq"

Dəfələrlə sülh müqaviləsinin imzalanması barədə müzakirələr getməsinə baxmayaraq Ermənistan Azərbaycanın Laçın rayonu istiqamətində təxribat törədib. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə Ermənistan ilk dəfə olaraq İranın pilotsuz uçan aparatlarından istifadə edib. Bundan əvvəl də səfirlikdə baş verən terror hadisəsi, Fazil Mustafanın güllələnməsi kimi bir sıra təxribatlarda İranın adı hallanıb. Maraqlıdır ki, İranın bütün bunlardan sonra Ermənistana dəstəyi Azərbaycanla olan münasibətləri daha da gərginləşdirəcəkmi?

Suallarımızı Güney Azərbaycan Televiziyasının (Günaz TV) rəhbəri, Amerikada mühacirətdə yaşayan siyasi fəal Əhməd Obalıya ünvanladıq.

O saytımıza açıqlamasında bildirdi ki, İranın Azərbaycana qarşı təxribatları davam edəcək:

"1990-cı illərdə müstəqil olduqdan sonra da İran Azərbaycana düşmən olub. Bəzən dostluq münasibətlərinin olduğunu göstərsə də, əməllərində əsl niyyətlərini ortaya qoyublar”.

Ə. Obalı qeyd edib ki, İran nə qədər dostluq siqnalları göndərsə də, əminik ki, bundan sonra da öz məkrli planlarına davam edəcək:

“İkinci Qarabağ savaşından sonra İran ermənilərin məğlubiyyətini həzm edə bilmir. İran özü də Qafqazdan qovulduğunu görür. Yalnız bir ümidi var ki, Rusiya və Ermənistan vasitəsilə özünü Qafqazda saxlayacaq. Azərbaycan Laçın yolunda nəzarəti əlinə alana qədər bu yol vasitəsilə İran Qarabağa silahlı terror qruplaşması göndərirdi. İkinci Qarabağ müharibəsindən sonra terror qruplaşmalarına dəstək olaraq İran Ermənistana pilotsuz dronlar və bir çox yardımlar göndərib. İndi torpaqlarımız işğaldan azad olunduğuna görə İran bu yerlərdən terror qruplaşmaları göndərə bilmir”.

GünazTV rəhbəri İranın bir tərəfdən Azərbaycan dövlətinin regionda güc sahibi olmasından, Türkiyə ilə müttəfiqliyindən, Qərblə olan münasibətlərindən, digər tərəfdən də Güney azərbaycanlılardan narahat olduğunu deyib:

“İranın əlində iki kart var. Birincisi, İran Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin qurulmasına maneçilik törətməyə çalışır. Bəzi vədlər verərək Türkiyə və Ermənistan arasındakı münasibətləri də gərginləşdirir. Ermənistan və Azərbaycan arasında sülh əldə olunana qədər bu kart İranın əlində fəal olacaq. İranın ikinci kartı isə Azərbaycanın daxilində illərdir maliyyələşdirdiyi terror qruplarıdır. Ölkədə sabitliyi pozmaq üçün yaradılmış bu qruplaşma həm də bir növ özləri üçün dəstək komandasıdır. Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını, Fazil Mustafanın güllələnməsini nəzərə alsaq, bunu görə bilərik".

Əhməd Obalı sonda bir daha vurğulayıb ki, Azərbaycanın ağıllı xarici siyasəti nəticəsində İranın addımları Türkiyə ilə qardaşlığına, müttəfiqliyinə mane ola bilməz:

"Biz Güney azərbaycanlılar da öz üzərimizə düşən işləri görərək İranın dağıdıcı siyasətinə zərbə vura bilərik”.

Ayan Rzayeva,

AzNews.az

QEYD: Məqalə diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi sahəsi üzrə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə təqdim olunur.