Azərbaycanın Avropa enerji təhlükəsizliyinin formalaşmasındakı rolu artır - Deputat

Prezident İlham Əliyevin Bolqarıstana səfəri baş tutub. İki ölkə arasında aparılan müzakirələr iqtisadiyyata, ikitərəfli əməkdaşlığın inkşaifına hansı töhfələri verəcək?

Məsələ ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov AzNews.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Avropanın enerjisinin təhlükəsizliyinin formalaşmasındakı rolu güclənməkdədir.

"Nəzərə alsaq ki, Cənub Qaz Dəhlizi reallaşan zaman Azərbaycan mavi qazının 6 ölkəyə çıxarılması nəzərdə tutulmuşdu. Amma Azərbaycan qazı Avropada ən azı 10 ölkəyə nəql ediləcək və bu say daha da arta bilər. Çünki Azərbaycan qazını almaq üçün müraciət edən ölkələrin sayı kifayət qədər çoxdur. Bu ondan xəbər verir ki, Azərbaycanın Avropa enerji təhlükəsizliyinin formalaşmasında olan rolu artır".

Deputat həmçinin qeyd edib ki, bu, Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsinə imkan yaradır:

“Eyni zamanda Azərbaycanın Mərkəzi Şərqi Avropa ölkələri ilə strateji əməkdaşlığı da güclənir. Bu özünü təkcə enerji əməkdaşlığınında deyil, həmçinin ticarət dövriyyəsində də göstərir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Bolqarıstan arasında olan ticarət dövriyyəsi 2022-ci ildə 325 milyon dollardan çox olub. Bu, əvvəlki illərlə müqayisədə 4.5 dəfə artım deməkdir”.

Millət vəkili sonda vurğulayıb ki, güclənən strateji əməkdaşlıq qarşılıqlı olaraq dövlətlərin faydalanmasına, daha çox gəlir əldə etməsinə imkan yaradır:

“Bütün bunların fonunda da Azərbaycanın regiondakı mövqeyinin daha güclənməsini müşahidə edirik”.

Ayan Rzayeva,

AzNews.az