Onlar dolayı yolla münaqişənin həllinə mane törədirlər Onlar dolayı yolla münaqişənin həllinə mane törədirlər

Azərbaycanla Ermənistan bu prosesi yekunlaşdırmaq istəyir - Politoloq

Onlar dolayı yolla münaqişənin həllinə mane törədirlər

Qərbin vasitəçilik səylərinin artması fonunda bu həftəsonu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək. "Financial Times”ın xəbərinə görə, iki ölkə liderlərinin danışıqları Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə baş tutacaq. Nəşrin yazdığına görə, liderlər sərhədlərin demarkasiyası və minalı ərazilərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Mövzu ilə bağlı suallarımızı politoloq Turab Rzayevə ünvanladıq. O məsələ ilə bağlı saytımıza açıqlamasında bildirib ki, bu görüşün yeganə mövzusu Qarabağdır:

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını prosesini hər iki tərəf yekunlaşdırmaq istəyir. Xüsusilə Azərbaycan tərəfi sülh müqaviləsinin bir an əvvəl imzalanmasını arzulayır. Digər tərəfdən artıq burada beynəlxalq konyektura da müəyyən qədər əl verir. Belə ki, Brüssel prosesi ilə Avropa İttifaqı və ardınca da Vaşinqton prosesi ilə ABŞ-də ən tez müddətdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını və ölkələr arasında strateji kommunikasiya xətlərinin açılmasını istəyirlər, biz bunu belə görürük”.

Politoloq qeyd edib ki, Nikol Paşinyan da sülh müqaviləsini yekunlaşdırmaqla bağlı bir neçə dəfə çıxışlar edib:

"Xatırlayırsınızsa, ötən il Paşinyan dəfələrlə vurğulamışdı ki, dekabr ayına qədər sülh müqaviləsi imzalanacaq. İndi isə Çexiyada erməni icması ilə keçirilən görüşdə açıq şəkildə özündən əvvəlki sələfləri Köçəryan və Sarkisyanı ittiham edib. Bildirib ki, məhz onlar bu sənədlərə qol çəkiblər, əslində günahkar onlardır. Onlar sülh prosesini vaxtında yekunlaşdırsaydılar, müharibə də olmazdı”.

T.Rzayevin sözlərinə görə, növbəti görüşdə müzakirə olunacaq əsas başlıq sülh müqaviləsi və onun müddəaları olacaq:

"Ancaq burada Ermənistan üzərində fərqli daxili və xarici təzyiq var. Hansı ki, sülh prosesinin əleyhinədir. Bunlar hansılardır?

- Ermənistan xalqının müəyyən bir şovinist kəsimidir. Onlar sülh prosesində ki, güzəştləri qəbul etmir.

- Ermənistandakı müxalifətdir, hansı ki ötən 30 il ərzində ölkəni idarə edən cinayətkar Qarabağ klanıdır. Onlar sülhə qarşı çıxır, açıq şəkildə mane olmağa çalışırlar.

- Qarabağdakı separatçı rejimin qalıqlarıdır. İrəvana tabe olmur və açıq şəkildə Paşinyanı xəyanətdə ittiham edirlər.

- Onlara bağlı olan media və əlbəttə ki, Rusiyadır. Rusiyanın Ermənistan daxilindəki mətbuatı və rus mətbuatında rəhbər pozisiyada yerləşdirilmiş ermənilərdir. Hansılar ki, vaxtaşırı olaraq Paşinyanı Qarabağı və erməni xalqının maraqlarını satmaqda ittiham edirlər.

Onlar dolayı yolla münaqişənin həllinə mane törədirlər. İndi iki ölkə liderinin görüşündə iki məsələ müəyyən olacaq. Birincisi, Rusiya və Rusiyanın müttəfiqlərinin, Köçəryan, Sarkisyan, keçmiş Qarabağ klanının törətdiyi maneələri aşıb hansısa şəkildə müqavilə imzalamağın mümkünlüyüdür. İkincisi isə ümumi bəzi şərtlərin razılaşdırılıb müəyyən məqamların növbəti mərhələyə ötürülməsidir. Düşünürəm ki, biz bunu zaman keçdikcə açıq şəkildə görə biləcəyik”.

Rəşid Qarayev,

AzNews.az