Politoloq: "Ermənistanın təxribatı gözlənilən idi"

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutmaqla qəsdən təxribat törədib. İki gün sonra Brüsseldə Ermənistan və Azərbaycan arasında baş tutacaq görüşdən əvvəl sərhəddəki təxribat kimin maraqlarına cavab verir?

Məsələ ilə bağlı AzNews.az-a politoloq Fikrət Sadıqov açıqlama verib.

“Görünən odur ki, danışıqlar prosesi hər hansı şəhərdə təşkil olunanda Ermənistan təxribat törədir. Bu, artıq Ermənistan siyasətinin ənənəsinə çevrilib”,- deyə o bildirib.

Politoloq qeyd edib ki, bu hadisə ilk dəfə baş vermir:

“Biz bunu İkinci Qarabağ müharibəsi zamanı da gördük. Danışıqlar zamanı onlar həm də təxribat törətməklə məşğul idilər. Biz adekvat cavab verirdik. Əgər onlar sülhə nail olmaq istəmirlərsə, o zaman daha da ciddi formada Azərbaycan tərəfindən öz cavablarını alacaqlar. Biz öz torpaqlarımızdayıq. Heç bir dövlətin torpağına göz dikməmişik. Bu həm Ermənistan, həm Moskva, həm də Vaşinqtonda eşidilməlidir”.

Ayan Rzayeva