Azərbaycan Fransanın ən böyük rəqibini öz tərəfinə çəkdi Azərbaycan Fransanın ən böyük rəqibini öz tərəfinə çəkdi

Politoloq: "Kişineuda müəyyən məsələlərdə razılığa gəlinəcək"

Azərbaycan Fransanın ən böyük rəqibini öz tərəfinə çəkdi

“Cənab Prezident İlham Əliyevin Moldovaya səfəri əslində paytaxt Kişineuda keçiriləcək görüşlərlə bağlı və olduqca önəmlidir”

Bunu AzNews.az-a Prezident İlham Əliyevin Moldovaya səfərini şərh edərkən politoloq Turan Rzayev deyib.

Politoloq bildirib ki, bu görüşü ümumi mənada Vaşinqton, Brüssel və Moskvada keçirilən görüşlərin davamı mahiyyətində görə bilərik:

“Şarl Mişel, Emmanuel Makron, Almaniya Kansleri Olaf Şoltz, İlham Əliyev və Nikol Paşinyan arasında bir görüşün olacağı gözlənilir. Kişineu görüşündən təxminən bir ay öncə biz sülh sazişinin imzalanmasına dair ümidli danışırdıq, amma Moskva görüşü sonrasında Nikol Paşinyan qeyd etdi ki, sülh sazişi hələki imzalanmayacaq, bu istiqamətdə danışıq yoxdur. Bu proseslərə olan ümidi bir qədər azaltdı, amma ümumi mənada deyə bilərəm ki, Kişineuda müəyyən məsələlərdə razılığa gəlinəcək. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan Qərb qarşısında öhdəlik götürüb ki, keçiriləcək istənilən görüşdə Ermənistan tərəfi kiçik də olsa, güzəştlərə getməlidir. Bu həm də Brüsselin və Qərbin formatları çərçivəsində münaqişənin həlli istiqamətində irəliləyişin əldə edildiyini göstərmək mahiyyəti daşıyır. Biz Moskvada keçirilən görüşdə real nəticənin əldə edildiyini görmədik. Buna görə də Kişineuda mütləq şəkildə nəticə əldə olunmalıdır".

T. Rzayev əlavə edib ki, Kişineuda sülh sazişi imzalanmayacaq, amma sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması kimi məsələlərdə müəyyən bir razılığa gələ bilərlər:

"Bu, kiçik sənəd kimi də qiymətləndirilə bilər, yaxud da şifahi razılıq formasında da nələrəsə nail oluna bilər. Ümumi mənada cənab prezidentin səfəri bununla bağlıdır. Düşünürəm ki, Kişineu səfərində ciddi bir uğur olmasa belə bir sıra nailiyyətlərin əldə ediləcəyini, Ermənistan Azərbaycan arasında sülh prosesini irəliləməsi istiqamətində bir sıra addımlar atılacağını güman etmək olar.

Ekspert sonda qeyd edib ki, bu görüşdə xüsusi diqqət çəkən məqam Almaniya Kansleri Olaf Şoltzun iştirak etməsidir:

“Azərbaycan tərəfi Fransa prezidenti Emmanuel Makronun proseslərdə iştirakını və dominantlığını qəbul etmirdi. Məhz buna görə də 9 aya yaxın Brüssel formatından uzaqlaşdı. Brüssel formatına qayıtmağımıza baxmayaraq, biz Fransanın proseslərdə iştirak etdiyini və Kişineudakı görüşdə iştirak edəcəyini bilirdik. Prezident İlham Əliyev və Azərbaycan xarici siyasətinin uzaqgörənliyi burada özünü göstərir. Biz Fransanın qarşısına yenə onun kimi güclü bir ölkə çıxarmışıq. Avropada Fransanın ən böyük rəqibi olan Almaniyanı tərəfimizə çəkməyi bacarmışıq. Xatırlayırsınızsa İlFham Əliyevin Almaniyaya səfəri baş tutmuşdu, bu səfər zamanı Kansler Olaf Şoltzla İlham Əliyev arasında ikili görüş də keçirilmişdi. Hesab edirəm ki, bu görüşdə rəsmi Bakı Berlinin onun yanında iştirak etməsini istəyib. Bu gün Almaniya və Fransa arasında siyasi sferada vaxtaşırı sürtüşmələrin şahidi oluruq. Almaniya və Fransa Avropada bir-birinin tarixi təbii rəqibləridir. Buna görə rəsmi Bakı Fransa qarşısında Almaniyanın dəstəyini alıb”.

Rəşid Qarayev