- Müşahidə məntəqəsi
- 3 İyul 2023 14:23
- 7 013
Bu memorandum Azərbaycan-Çin münasibətlərinə yeni töhfələr verəcək - Deputat
“Azərbaycan və Çin münasibətləri sonrakı dövrlərdə bütün ictimai-siyasi dönəmlərdə uğurla inkişaf edib və bu əlaqələr Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Ulu öndərimiz Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri yüksək səviyyəli əlaqələrin əsasını qoyub. Sonrakı illərdə dövlət başçılarının qarşılıqlı səfərləri siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə dayanıqlı münasibətləri daha da möhkəmləndirib.Cənab Prezident İlham Əliyev Çinə səfərləri, eləcə də, müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə Çinin dövlət və hökumət başçıları ilə görüşləri əlaqələri daha da inkişafına səbəb olub, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəngin töhfələr verib. BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləmiş, Qarabağ Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan etmişdir. Tarixi Zəfərdən sonra da Pekin Azərbaycanın azd edilmiş ərazilərində quruculuğa töhfə vermək niyyətindədir”.
Bu barədə AzNews.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Millət vəkili bildirib ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin dinamikası da son illərdə artmaqdadır. Yaradılmış əlverişli investisiya mühiti Çin şirkətlərinin ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində birgə işbirliyinin artmasına yol açıb, çinli investorların sayının artmasına mühüm təsir göstəribdir. Hazırda Azərbaycanda 120-yə yaxın Çin sərmayəli şirkət fəaliyyət göstərir ki, bu da cəlbedici investisiya iqliminin nümunəsi hesab oluna bilər. Bu amil sözsüz ki, qarşılıqlı sərmayə qoyuluşlarının dinamikasına da öz təsitrini göstərib.
A.Hüseynov qeyd edib ki, iki ölkə arasında nəqliyyat-logistika, infrastruktur sahələrində də sıx faydalı əməkdaşlıqlar mövcuddur. Xüsusilə də, Asiya və Avropanı birləşdirən qlobal dəhlizin - “Bir kəmər – bir yol” nəqliyyat marşrutunun gerçəkləşməsini ilk dəstəkləyən və siyasi dəstək verən ölkələrdən biri Azərbaycan olub. Cənab Prezidentin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb və sonrakı dövrlərdə Azərbaycan bu dəhlizin strateji önəminə xüsusi diqqət ayırıb. Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “İpək Yolu İqtisadi Kəməri”nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur.
A.Hüseynov bu günlərdə Bakı şəhər icra hakimiyyəti başçısının Çinə səfəri zamanı Bakı ilə Çinin Sıçuan əyaləti arasında dostluq və tərəfdaşlığa dair memorandum imzalanmasını yüksək dəyərləndirib və bildirib ki, bu memorandum Azərbaycan-Çin münasibətlərinə yeni töhfələr verəcək, şəhər təsərrüfatının ayrı-ayrı sahələrində birgə layihələrin icrasına və texnologiyanın cəlb edilməsinə, investisiya cəlbinə imkan verəcəkdir.
Rəşid Qarayev