- Müşahidə məntəqəsi
- 4 İyul 2023 16:00
- 10 802
Armen Qriqoryanın ABŞ-yə səfəri erməni lobbisi ilə məsləhətləşmək üçündür - Yeganə Hacıyeva
“Ermənistanın Təhlükəsizlik Şurasının katibinin səfəri ABŞ ilə məsləhətləşmələrdən çox oradakı erməni lobbisi ilə məsləhətləşmək funksiyası daşıyır”.
Bunu AzNews.az-a Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-yə edəcəyi səfər barədə danışarkən politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan XİN başçıları ilə ABŞ Dövlət Departamentinin təşkil etdiyi görüşlər ərəfəsində Ermənistanın Qarabağdakı gərginliyi və bizim sərhədlərimizdəki mövqelərimizi atəşə tutması ABŞ-dəki erməni lobbisinin sifarişi idi:
“Bu işin başında ABŞ konqresindəki erməni milli komitəsi dururdu. Onu da qeyd edim ki, 2020-ci ilin iyul ayında müharibənin başlanmasının "fətva"sı da ABŞ-də səfərdə olan Ermənistan müdafiə nazirinin məhz oradakı erməni lobbisi ilə görüşü zamanı baş verilmişdi. Bu da təxminən onun kimi növbəti səfərdir. Ermənistan təhlükəsizlik şurası katibinin ABŞ-yə səfərini bu aspektdən dəyərləndirmək lazımdır”.
Y.Hacıyeva bildirib ki, bu səfər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinə birmənalı olaraq neqativ təsir edə bilər:
“Xatırladım ki, bu gün üçün Ermənistanda hakimiyyət xaricdəki ermənilərin təsiri istiqamətində bir neçə qrup üzərindən formalaşıb. Birinci qrup ABŞ-dəki erməni lobbisinin Ermənistan hakimiyyətində təmsil olunan simalarıdır, hansı ki, ABŞ-dəki erməni lobbi qrupu ilə əməkdaşlığın əsasında tövsiyyə olunublar və onların maraqlarını təmsil edirlər. Digər iki qrup da var ki, onlardan biri Rusiyadakı etnik ermənilərdən və diasporadan birbaşa asılı olan və maliyyələşən qrupun təmsil etdiyi birlikdir. Bir də üçüncü qrup var ki, o özü də iki subqrupa bölünür, amma ümumilikdə onu biz üçüncü qrup adlandırırıq. Bu isə Avropa Birliyi, Yaxın Şərq və dünyadakı digər erməni lobbi qrupunun təmsilçi simalarıdır. Məhz Ermənistanın Təhlükəsizlik Şurasının katibi də bu konfiqurasiyada ABŞ-nin erməni lobbisinin hakimiyyətdəki kadrlarından biridir. Hazırkı mərhələdə onların görüşü heç bir halda sülh üçün faydalı ola bilməz”.
Rəşid Qarayev