- Müşahidə məntəqəsi
- 5 İyul 2023 17:30
- 7 825
Ermənistanın hərbi-siyasi rəhbərliyi İlham Əliyevin mesajından ciddi nəticə çıxarmalıdır - Cavid Osmanov
Bakıda Qoşulmama Hərəkatının nazirlər bürosunun iclası keçirilib. Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur, Ermənistan regionda sülhdə maraqlıdırsa, onun silahlı qüvvələri Qarabağdan tamamilə çıxmalıdır.
“Əgər Ermənistan sülh və əmin-amanlıq istəyirsə əlbəttə ki, Zəngəzur dəhlizinin açılmasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”.
Bu sözləri mövzu ilə bağlı saytımıza danışan millət vəkili Cavid Osmanov deyib.
"Azərbaycan növbəti dəfə böyük və irimiqyaslı tədbirə ev sahibliyi edir. Prezident İlham Əliyevin Bakıda bu gün işinə başlayan, xarici işlər nazirləri səviyyəsində keçirilən eyni zamanda Azərbaycan prezidentinin iştirak və sədrlik etdiyi Qoşulmama Hərəkatının iclasında çıxış etdi. Əlbəttə ki, cənab prezident hər zaman olduğu kimi bu möhtəbər platformadan da çox böyük diplomatik məharət nümayiş etdirərək çox vacib mesajlar verdi”.
C. Osmanovun sözlərinə görə, İlham Əliyev eyni zamanda Azərbaycanla Ermənistan arasında münasibətlərlə bağlı da mesajlarını vermiş oldu:
“Belə ki, cənab prezident bildirdi ki, Azərbaycan 44 günlük vətən müharibəsində tarixi qələbə qazanaraq beynəlxalq hüququ və ədaləti bərpa etdi. Azərbaycanın qalibiyyəti ilə beynəlxalq hüquq və ədalət qalib gəldi. Azərbaycan qalib tərəf, güclü tərəf olaraq Ermənistanı 2020-ci ildə kapitulyasiya aktına imza atmasına məcbur etdi. Buna baxmayaraq, bölgədə sülh, əmin-amanlıq olması üçün ilk olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edən də Azərbaycandır”.
Millət vəkili bildirib ki, bugünə kimi Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməyib:
"Bu gün də hələ də Zəngəzur dəhlizinin açılmasına Ermənistan mane olur, hələ də Qarabağda erməni silahlı birləşmələri və separatçılar qalmaqdadır. 2020-ci il Üçtərəfli Bəyanatına, Ermənistanın kapitulyasiya aktına uyğun olaraq erməni hərbi birləşmələri çoxdan çıxarılmalı idi, separatçılar tərksilah olunmalı idi. Bu onu göstərir ki, Ermənistan hələ də sülhə mane olmağa davam edir. Düşünürəm ki, Ermənistanın hərbi siyasi rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin bu mesajından ciddi nəticə çıxarmalıdır".
Rəşid Qarayev