- Müşahidə məntəqəsi
- 11 İyul 2023 12:20
- 12 166
DTX-nin fəaliyyəti xüsusi təqdirəlayiqdir - Emin Həsənli
“Azərbaycan dövləti hər zaman vətəndaşlarının təhlükəsizliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə çox böyük önəm verir. Bu məsələlərdə lazımlı addımlar atılır”.
Bunu saytımıza Dövlət Təhlükəsizlik Xidmətinin Azərbaycanda terror törətməyə hazırlaşan xarici ölkə vətəndaşını saxlaması barədə danışarkən hərbi ekspert Emin Həsənli deyib.
Ekspert bildirib ki, həm Azərbaycan silahlı qüvvələri, həm də hüquq mühafizə orqanları bu istiqamətdə xeyli işlər görür:
“Son illərdə Dövlət Təhlükəsizlik Xidməti ölkədə sabitliyin, təhlükəsizliyin qorunması baxımından xeyli işlər görüb, mütəmadi addımlar atıb. Xüsusən bu cür təxribatçı halların qarşısı öncədən alınıb, bu təxribatların törədilməsinə imkan verilməyib. Həm vətən müharibəsi dövrü, həm ondan öncəki və sonrakı dövr bu qurumun fəaliyyəti xüsusi təqdirəlayiqdir. Son keçirilən əməliyyat da bunu bir daha göstərir”.
E.Həsənli qeyd edib ki, Ermənistan və onun arxasında olan güclər Azərbaycana qarşı dəfələrlə terror təxribatı fəaliyyətləri törətməyə cəhd edib.
"Hətta ilkin müstəqillik dövrü buna nail olublar. Metroda, avtobusda, kütləvi yerlərdə terror təxribat hadisələri törədiblər. Davamlı olaraq bu proses Ermənistan və onların havadarları olan ölkələr tərəfindən davam etdirilib. Xüsusən Azərbaycanın müstəqilliyini, müstəqil siyasət aparmasını, güclü olmasını istəməyən dövlətlər bu cür fəaliyyətlərdən istifadə edirlər. Şükürlər olsun ki, Azərbaycan dövləti bunun qarşını alır və qətiyyətli addımlar həyata keçirir”.
Rəşid Qarayev