İsrail həmişə Azərbaycanın yanında olub - Politoloq

“Münasibətlərin tarixinə nəzər salsaq, həmişə dost bağları olan İsrail və Azərbaycan arasında ikitərəfli münasibətlər 1991-ci ildə İsrailin Azərbaycanın müstəqilliyini tanıması ilə başladı, diplomatik münasibətlər isə 1992-ci ildə quruldu”.

Bunu saytımıza İsrail müdafiə naziri Yoav Qallantın Azərbaycana səfər etməsi ilə bağlı danışarkən politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, 1993-ü ilin avqust ayından İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində İsrail həmişə Azərbaycanın yanında olub. Azərbaycan İsrailin lobbi şəbəkə imkanları hesabına Qarabağ həqiqətlərini dünyaya çatdırıb:

“2007-ci ilin yanvar ayında Azərbaycan və İsrail arasında təhlükəsizlik sahəsində 2 əməkdaşlıq müqaviləsi imzalanıb, 2009-cu ildə İsrail prezidentinin Bakıya səfəri ilə siyasi-diplomatik münasibətlər yüksək səviyyəyə çatıb. 2017-ci ildən Azərbaycan Respublikası və İsrail Dövləti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Komissiyanın məqsədi qarşılıqlı maraq doğuran sahələrdə ixtisaslaşmış işçi qrupları yaradaraq müvafiq məsələlərə dair qərarlar qəbul etməkdir. Komissiya tərkibində hər iki ölkənin müxtəlif nazirlikləri və dövlət idarələri təmsil olunur”.

Y.Hacıyeva qeyd edib ki, Azərbaycanın İsraillə münasibətləri hər sahədə qarşılıqlı faydalılığa əsaslanır, enerji və təhlükəsizlik sahələrində ölkələrarası münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Azərbaycanın İsraildə səfirliyinin açılması ilə münasibətlərimiz yeni mərhələyə qədəm qoyub:

“Ölkələrimiz arasında gələcəyə yönəlmiş, qlobal və regionlararası səviyyədə bütün situasiyalarda sıx əməkdaşlıq, qlobal, regional proseslərə və problemlərə ümumi baxış mövcuddur. Azərbaycanın İsraillə yaxın tərəfdaşlıq əlaqələrinə malik olması, o cümlədən, son dövrlərdə Türkiyə ilə İsrail arasında yaxınlaşmaların nəzərə çarpması isə mənzərəni daha da aydınlaşdırır. Azərbaycanın strateji müttəfiqləri olan Türkiyə və İsrail arasında ən yüksək səviyyədə təmasların başlaması xroniki soyuqluğu aradan qaldırmaqla yanaşı iqtisadi münasibətlərdə də inkişaf dinamikası başladıb”.

Politoloq sonda bildirib ki, Azərbaycanın da iştirakı ilə baş tutan iqtisadi yaxınlaşmalar enerji, qaz sahəsində, o cümlədən, İsrail qazının Avropaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir:

“Digər tərəfdən, hər üç ölkə qlobal səviyyədə enerji təhlükəsizliyində rol almaqla mövqelərini daha da möhkəmləndirir. Ümumiyyətlə, qlobal səviyyəli layihələrdəki birgə iştirakımız bizim mövqelərimizi ayrılmaz edir. Bu siyasətdən isə hamı qazanacaq, çünki ölkələrimizin mövcud olduğu, həmçinin, maraq və nüfuz dairəsinə aid olan bölgələrdə birgə əməkdaşlığımız region üçün faydalı və təhlükəsizlik münasibətlərinin tənzimlənməsində strateji əhəmiyyət daşıyır”.

Rəşid Qarayev