- Müşahidə məntəqəsi
- 12 İyul 2023 19:38
- 8 684
BQXK-nın qaçaqmalçılıqla məşğul olduğunu sübut edən kifayət qədər fakt var - Millət vəkili
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Ermənistan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoylarından qeyri-qanuni fəaliyyətlər üçün sui-istifadə edir və BQXK-nın əsas humanitar missiyasına xələl gətirir. Azərbaycan bu səbəbdən BQXK-nın nəqliyyatın hərəkətini müvəqqəti dayandırmağa məcbur olub.
Dövlət Sərhəd Xidmətinin məlumatı verib ki, ötən müddət ərzində DSX-nin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.
”Biz dəfələrlə BQKX-nın və eyni zamanda Rusiya sülhməramlı qüvvələrinin erməni quldur dəstələrinə müəyyən silah-sursat və digər yardımlarının edilməsi, qaçaqmalçılıqla qadağan edilmiş məhsulların çatdırılmasında yaxından iştirak etməsi haqqında fikirlər bildirirdik. Ancaq təəssüf ki, beynəlxalq ictimaiyyət bunu görməzdən gəlirdi”.
Bu sözləri AzNews.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirib.
“Laçın yolu üzərində Azərbaycan tərəfindən nəzarət keçid məntəqəsinin yaradılmasından sonra bu yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirdik, yalnız avtomobil və şəxslərin normal qaydalar çərçivəsində yoxlanılmasını həyata keçirməyə başladıq. Bu yoxlamalar nəticəsində də məhz BQXK-nın qaçaqmalçılıqla məşğul olduğunu sübut edən kifayət qədər fakt əldə etdik. Nəyə görə BQXK-nın Azərbaycan ərazisində fəaliyyət göstərdiyi halda məhz bu ərazilərə Ermənistan ofisinin nümayəndələri səfərlər təşkil edir. Bu sual hər kəsi düşündürməlidir. İkinci növbədə isə nə üçün BQXK öz mandatının xaricində başqa fəaliyyətlə də məşğuldur. Bu vəziyyət beynəlxalq ictimaiyyətə ətraflı şəkildə çatdırılmalıdır”.
Deputat Azərbaycan ərazisində terrora, qanun pozuntusuna son verilməsini tələb edib.
“BQXK-nın Ermənistan ofisi faktiki olaraq bizneslə məşğuldur. Bu həmin təşkilatın mandatına ziddir. Bu faktlar BQXK-nın əsas ofisinə təqdim edilməlidir”.
N. Həmzəyev onu da vurğulayıb ki, bu missiyanı Azərbaycanda fəaliyyət göstərən BQXK-nın ofisi öz üzərinə götürülməlidir.
“Bu baxımdan təcili sürətdə bu qurumun fəaliyyəti dayandırılmalı və bu əraziyə buraxılmamalıdır. BQXK-nın Azərbaycan ofisi bu fəaliyyəti icra etməlidir. Belə olduğu halda ermənilərin hansısa rüşvət qarşılığında müəyyən işləri icra etdirməsinin qarşısı tam olaraq alınacaq. Onlar humanitar missiyanı yerinə yetirəcəklər. Nəticədə erməni əsilli vətəndaşlar Azərbaycan tərəfindən hansısa humanitar xidmətlərin göstərilməsini qəbul edəcəklər. Biz həm də çalışmalıyıq ki, rus sülhməramlılarının da nəzarətində bu ərazilərdə qaçaqmalçılıq, silah-sursat daşınmasının qarşısını alaq. Hesab edirəm ki, Rusiya tərəfi də bu məsələyə ciddi nəzarət etməlidir. Biz öz ərazimizdə olan qanunsuz fəaliyyətlərə göz yummamalıyıq”.
Ayan Rzayeva