Krımın tezliklə və hərbi yolla azad olunacağını deyə bilmərik - Ekspert

“Bir aydan sonra Krımda olacağıq”.

Bu sözləri Ukrayna Silahlı Qüvvələrinin (SQ) baş komandanı general Valeri Zalujnı Britaniyanın “The Times” nəşrinə müsahibəsində deyib.

General qeyd edib ki, qarşı tərəfin keçilməz müdafiə mövqelərinə malik olması cəfəngiyyatdır: “Biz artıq o mövqeləri keçmişik. Ukrayna ordusunun piyadaları və zirehli texnikaları irəliləyir”.

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov AzNews.az-a açıqlamasında bildirib ki, bu tip açıqlamalar əslində informasiya müharibəsinə təsir edən amillərdir.

K.Novruzov qeyd edib ki, bu, Rusiyanı və Krım əhalisini qorxutmağa hesablanan həmlədir:

“Eyni zamanda əks-hücum əməliyyatlarını uğurlu göstərmək üçün Qərbə ismarıcdır. Rəsmi Kiyevin mövqeyi bundan ibarətdir ki, 1991-ci ildəki sərhədlər bərpa olunmadan, o cümlədən Krım işğaldan azad olunmadan müharibə başa çatmayacaq. Bunu Ukrayna prezidenti Zelenski də, xarici işlər naziri də, müdafiə naziri də öz açıqlamalarında dəfələrlə bildirib. Hadisələr göstərir ki, doğrudan da proses Krımın azad olunmasına doğru gedir”.

Ekpertin sözlərinə görə, son zamanlar Krımda baş verən silsilə partlayışlar onu deməyə əsas verir ki, Ukrayna Krımın azad olunmasında israrlıdır.

“Bu təbii ki, asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, burada quru yol məhduddur. Eyni zamanda Krımda uzun illər ərzində güclü istehkamlar tikilib.Ukrayna kəşfiyyatı da effektiv şəkildə çalışır. Artıq Krımda çaxnaşma yaranmağa başlayıb. Müxtəlif məlumatlara görə Krım əhalisi,o cümlədən hərbçiləri tədricən yarımadanı tərk ediblər. Bu da məhz Ukraynanın apardığı əməliyyatların nəticəsidir. Biz Krımın tezliklə və hərbi yolla azad olunacağını deyə bilmərik. Amma bunun özü də Rusiyaya psixoloji təzyiqdir. Bir müddət sonra ehtimal ola bilər ki,danışıqlar prosesi başlasın. Ukraynanın təzyiqləri nəticəsində Rusiya geri çəkilsin. Krımın diplomatik yolla Ukraynaya qayıdışı təmin olunsun. Bu yol daha idealdır”.

Ekspert onu da vurğulayıb ki, Krıma daxil olmaqdan daha çox, onu azad etmək çətindir.

“Bu xeyli vaxt alacaq. Təzyiqlərin göstərilməsi buna şərait yarada bilər. Rusiya hakimiyyəti və Krım əhalisi başa düşsə ki, Ukrayna israrlıdır, bundan sonra düyüm özü açılacaq. Hesab edirəm ki, Krımın diplomatik yolla qaytarılması məsələsi gündəmə gələ bilər. Burada mühüm məsələlərdən biri də Rusiya və qondarma Krım Respublika arasında ziddiyyət yarana bilər. Bu da Araik Arutyunyanla Paşinyan arasındakı ziddiyyətə bənzəyəcək”.

Ayan Rzayeva