- Müşahidə məntəqəsi
- 20 İyul 2023 15:54
- 6 879
Azərbaycan bu zavodun tikintisində iştirak edən şirkətə sanksiya tətbiq edə bilər - Sədrəddin Soltan
Azərbaycan hökuməti Ermənistandan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edib. Məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibinə də müvafiq bildiriş ünvanlanıb.
“Məncə, təkcə bu məsələ deyil, eyni zamanda Ermənistanın atom elektrik stansiyası ilə bağlı da beynəlxalq təşkilatlar Azərbaycan tərəfinin və region ölkələrinin çağırışına ciddi yanaşmırlar. Habelə Ermənistandakı Zəngəzur mis-molibden zavodunun kimyəvi tullantılarının ətraf çaylara o cümlədən Araz çayına axıdılmasına da beynəlxalq ictimaiyyət laqeyd münasibət göstərir”.
Mövzu ilə bağlı saytımıza açıqlama verən politoloq Sədrəddin Soltan bildirib ki, erməniləri beynəlxalq təşkilatlarda da müdafiə edən, dəstəkləyən qüvvələr az deyil.
“Xatırlayırsınızsa, Azərbaycan torpaqları işğal altında olduğu müddətdə İsveçrənin, Almaniyanın, ümumiyyətlə, Avropa ölkələrinin bir sıra şirkətləri qaçaq yolla Azərbaycanın təbii sərvətlərinin istismarı ilə məşğul idilər. Bütün bunlar beynəlxalq ictimaiyyət deyilən Qərb dövlətlərindəki şirkətlərin və bir sıra beynəlxalq təşkilatların regiondakı, xüsusən Azərbaycan, Ermənistan ərazisindəki ekoloji vəziyyəti pisləşdirən addımların atılmasına göstərdikləri laqeyd münasibətin göstəricisidir. Əgər belə olmasaydı, beynəlxalq təşkilatlar özləri həmin ərazidə monitorinqlər həyata keçirərdilər. İran ərazisində atom enerjisi üzrə beynəlxalq agentlik mütəmadi olaraq monitorinqlər keçirir. Düzdür, nəticəsi olmur, amma hər halda keçirir. Amma indiyə qədər atom enerjisi üzrə beynəlxalq agentlik Ermənistan atom elektrik stansiyası ilə bağlı belə bir addım atmayıb. O cümlədən ehtimal edirik ki, həmin metallurgiya zavodu ilə bağlı perspektivdə ciddi nəzarət olmayacaq, onun tozu dumanı, çirkab suyu, tullantıları Azərbaycan ərazisinə yaxın bölgələrə göndəriləcək. Bu da Azərbaycan ərazisinin ekoloji cəhətdən çirklənməsinə səbəb olacaq. Başqa sözlə, həmin zavod regionda eko-terrorla bağlı yeni mənbəyə çevrilə bilər", - deyə əlavə edib.
Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi diplomatik səylərini genişləndirməlidir. “Bu, təkcə müxtəlif beynəlxalq təşkilatlara deyil, eləcə də regiona maraqlı olan və Azərbaycanla müttəfiqlik edən dövlətlərin də nəzərinə çatdırılmalıdır. Məsələn ABŞ-nin, Böyük Britaniyanın, Almaniyanın, Rusiyanın, hətta qonşu İranın və ərəb ölkələrinin də diqqətinə çatdırılması mümkündür. Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu işə laqeyd münasibət bəslədikdə Azərbaycan tərəfi heç şübhəsiz regionda marağı olan dövlətləri, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı olan, vasitəçiliyi üzərinə götürən beynəlxalq təşkilatları cəlb edəcək. Ola bilsin ki, perspektivdə bu Azərbaycan-Ermənistan danışıqlar prosesinin maddələrindən birinə çevrilsin. Azərbaycan burada zavodun tikintisində iştirak edən, tərəfkeşlik edən şirkətə sanksiya tətbiq edə bilər. Azərbaycanın bu tip təsir etmə imkanları da var".
Rəşid Qarayev