- Müşahidə məntəqəsi
- 20 İyul 2023 17:30
- 7 506
Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yeganə problemi olan Rusiyadır - Politoloq
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə keçiriləcək görüşdə Ukraynaya hərbi yardım və təhlükəsizlik təminatları, Türkiyə və Çin ilə münasibətlər kimi məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını da müzakirə edəcəklər.
Mövzu ilə bağlı saytımıza danışan politoloq Turab Rzayev bildirib ki, Avropa İttifaqının bu məsələni gündəmə çıxarması müsbət prosesdir.
“Bu məsələdə Avropa İttifaqının, Brüsselin yanaşması bizə daha məqbuldur. Ən azından rəsmi Brüssel Azərbaycanın Qarabağ üzərində suverenliyini, ərazi bütövlüyünü müzakirəyə qoymur. Ümumiyyətlə, artıq Qərbdə bu məsələ ilə bağlı konsensus əldə olunub. Xatırlayırsınızsa, Entoni Blinken Vaşinqtonda Paşinyanı məcbur etdi ki, şifahi şəkildə razılaşdığı kimi yazılı şəkildə də Azərbaycanın ərazi bütövlüyünü tanısın. Avropa İttifaqından da bizim oxşar gözləntimiz var idi”.
Politoloqun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hazırda yeganə problemi olan, suverenlik məsələsinə toxunan Rusiyadır.
“Bundan əvvəl Putin bir dəfə bildirmişdi ki, Paşinyan erməni xalqının maraqlarına xidmət edir, Vaşinqton planını qəbul edir. Hansı ki, burada Azərbaycanın Qarabağ üzərindəki suverenliyi tanınır. İndi də Brüssel görüşü ərəfəsində Mariya Zaxarova çıxış edərək Brüssel görüşlərini pislədi, bildirdi ki, sülhə sabotaj törədir, yeganə təklif Rusiyadan gələcək, Rusiya sülhdə yeganə vasitəçi olmalıdır. Həm də yenə bildirdi ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması üçtərəfli bəyanatın özülünü dəyişdirib. Yəni bizim suverenliyimizə yenə hörmətsizlik nümayiş etdirdi. Zaxarovanın verdiyi açıqlamalar, daha sonra Azərbaycana qarşı separatçı rejimin qalıqları tərəfindən atəşkəsin pozulması, Xocalıda Rusiya bayrağı ilə yanaşı Ermənistan və separatçı rejimin bayrağının dalğalandırılması Azərbaycan tərəfinin suverenliyini pozur. Ona görə də Azərbaycan düşünür ki, Brüssel formatı indiki halda daha uyğun, uğurlu formatdır”.
T. Rzayev qeyd edib ki, bizim məqsədimiz Brüssel formatına əməl edib, regionu hərbləşdirmək deyil.
“Məsələn bu yaxınlarda Kanadanın da mülki missiya göndərməsi məsələsi müzakirə olunurdu. Bizim məqsədimiz Rusiya ordusunu çıxarıb yerinə Avropa ordusunun yaxud birləşmiş millətlər ordusunun yerləşdirmək deyil. Biz ümumiyyətlə bölgədən bütün orduların çıxmasını, sülh prosesini istəyirik. Bizim də Avropa İttifaqı ilə fikir ayrılıqlarımız var. Məsələn, biz erməni vətəndaşlarımızın da digər vətəndaşlar kimi Azərbaycan qanunları çərçivəsində öz milli, dini hüquqlarını qoruyaraq yaşamasını istəyirik. Amma onlara heç bir inzibati və ya siyasi statusun verilməsini istəmirik. Düşünürəm ki, Avropa İttifaqının bu məsələyə daha çox fikir ayırması müsbət haldır. Rusiya yenə də bildirəcək ki, yeganə vasitəçi odur, Avropa İttifaqı Qarabağda sülh prosesinə sabotaj törədir. Qərb Rusiyanın buradakı vasitəçiliyini tanımalıdır. Hətta keçən dəfə Zaxarova bildirmişdi ki, bizim tərəflərə təkliflərimiz var, yeni görüşümüz olacaq. Ancaq Paşinyanın hakimiyyəti bunu yalanladı ki, onlara görüş haqqında bilgi verilməyib. Böyük ehtimal Azərbaycan tərəfində də belə bir bilgi yoxdur. Rusiya tərəfinin sadəcə olaraq ortaya atdığı bir addımdır. Düşünürəm ki, Rusiyanın yanaşması yenə qısqanclıq olacaq. Azərbaycan tərəfi bu prosesi dəstəkləyir, amma bir halda ki, Azərbaycanın öz ərazisi üzərində suverenliyi tanınsın və hərbi birləşmələr gətirilməsin”.
Rəşid Qarayev