“Yeni seçkilərin elan olunması ölkəmizdə sabitliyə, təhlükəsizliyə töhfə verəcək” - Qüdrət Həsənquliyev

“Həqiqətən yeni seçkilərin elan olunmasını ölkəmizdə sabitliyə, təhlükəsizliyə töhfə verəcək, islahatlara və inkişafa yol açacaq bir hadisə kimi qiymətləndirmək istəyirəm”.

Aznews.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili “ümid edirəm ki, bu seçkilərdən sonra Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoymaq imkanı əldə edəcək”, - deyə əlavə edib:

“Ermənistanla bizim aramızda müəyyən razılaşmanın əldə olunmasını, hərbi əsirlərin geri qaytarılmasını müsbət hadisə kimi qiymətləndirirəm və hesab edirəm ki, bu həqiqətən də Ermənistanla bizim aramızda sülh sazişinin imzalanmasına töhfə verə bilər. Amma konstitusiyamıza görə, Azərbaycan Respublikasının Milli Məclisi sülh sazişinə razılıq verməlidir. Azərbaycan Respublikasının Prezidenti konstitusiyanın 109-cu maddəsinin 17-ci bəndinə görə, dövlətlərarası və hökumətlərarası müqavilələr imzalaya bilər. Amma sülh sazişi beynəlxalq müqavilənin xüsusi növü olduğuna görə, onun əhəmiyyəti nəzərə alınaraq, konstitusiyada onun Milli Məclisin razılığı ilə edilməsi nəzərdə tutulur.

Konstitusiyanın 109-cu maddəsinin 30-cu bəndinin tələbidir ki, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin razılığı ilə müharibə elan edir və sülh bağlayır. Yəni bu konstitusion tələbdir. Ona görə də, istəyirəm həmkarlarım bunu nəzərə alsınlar.

Ona görə də, təklif edirəm ki, yaxın vaxtlarda Xarici İşlər Nazirliyinin, Prezident Administrasiyasının nümayəndələrinin də iştiraklı ilə belə bir müzakirələr keçirilsin və biz, Azərbaycan Respublikasının Prezidentinə sülh sazişi imzalamaq səlahiyyəti verək”.