"Ermənistanın Rusiyadan tamamilə üz döndərməsi mümkünsüzdür" - Siyasi şərhçi

“Rusiya-Ermənistan münasibətlərində son zamanlar yaşanan problem hər kəsə aydındır. Təbii ki, Paşinyanın Qərbin dəstəyi ilə hakimiyyətə gəlməsi, müharibədə Azərbaycana məğlub olmasının günahını Rusiyada axtarması, Qərbin diktəsi ilə müxtəlif addımlar atması və digər amillər Moskva-İrəvan münasibətlərində kifayət qədər gərginlik yaradıb. Ancaq bu gərginlik qırılma nöqtəsinə çatmayıb”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O, bildirib ki, Qərb nə qədər Ermənistanı silahlandırsa, şirnikləndirici addımlar atsa da Rusiyanın İrəvana ciddi təsir imkanları var:

“Bu gün Ermənistanın Rusiyadan qaz asılılığı 80 faizdən artıqdır. Ermənistanın kənd təsərrüfatı məhsullarının ixracı üçün Rusiya bazarının alternativi yoxdur. Rusiyanın Ermənistanda hərbi bazaları, hərbi gücü var. Eyni zamanda Moskvanın Ermənistan ordusunda rıçaqlarının olması bəlli məsələdir. Bu baxımdan Ermənistanın Qərb missiyalarının bölgəyə gəlməsinə şərait yaratması, yaxud Qərbin hərbi varlığını formalaşdırmağa çalışması və Moskvanı narazı salacaq digər siyasi fəaliyyət yürütməsi Rusiyanın maraqlarını təhdid edəcək səviyyədə deyil. Moskva bunu çox yaxşı bilir və hesablayır”.

Ə. Zülfüqaroğlu əlavə edib ki, bu gün Ermənistanın Avropa İttifaqına üzv olması, yaxud da Rusiyadan tamamilə üz döndərməsi mümkünsüzdür.

“Hazırda Paşinyan hökuməti çətin durumdadır. Çünki həm Qərb, həm də Rusiya tərəfindən ciddi təzyiqlərə məruz qalır. Paşinyan çox yaxşı başa düşür ki, əgər Rusiya ilə əlaqələri tamamilə dayandırsa, halbuki bu Ermənistanın maraqlarına cavab vermir və iqtisadi faktorlar baxımından da mümkün deyil. Bu zaman Rusiya Ermənistana hərbi müdaxilə edəcək. Digər tərəfdən Rusiya ilə yaxın münasibət sərgiləsə himayədarları Paşinyana təzyiqlərini artıracaqlar. Bütün bu faktorlar Paşinyanın təhlükəsizliyi üçün də ciddi təhdidlər formalaşdırır. Bu baxımdan Ermənistan çalışacaq ki, Rusiya və Qərblə əlaqələrini saxlasın, yəni heç bir tərəfdən birmənalı imtina etməsin. Ona görə də, biz, bundan sonra Ermənistan hakimiyyətinin bu cür siyasət yürüdəcəyini müşahidə edəcəyik”.

Rəfiqə NAMAZƏLİYEVA