“Azərbaycan prezidentinin Türkiyə prezidenti ilə görüşü əslində sürpriz deyil" - politoloq

“Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfəri çərçivəsində qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb. Prezidentin Misir səfərindən sonra baş tutan görüş maraqla qarşılanıb”.

“Azərbaycan prezidentinin Türkiyə prezidenti ilə görüşü əslində sürpriz deyil. Belə ki, hər iki ölkə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu, həm tarixə, milli mənəvi dəyərlərə və reallıqlara söykənən bir müttəfiqlikdir. Strateji tərəfdaşlıqdır ki, bunun da son nöqtəsi Şuşa bəyannaməsidir. Belə bir görüşün keçirilməsi onunla əsaslandırılır ki, hər iki ölkə strateji tərəfdaş, müttəfiq olduqlarına görə vaxtaşırı bir çox məsələləri müzakirə, məsləhət etmək və atılacaq addımları koordinasiya etmək baxımından belə görüşlərə ehtiyac yaranır ki, bu səfərdə məhz bu yöndən dəyərləndirilməlidir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O qeyd edib ki, Türkiyə ilə münasibətlərimiz hərtərəflidir:

“Dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etməkdədir. Bu həm təhlükəsizlik, həm hərbi texniki əməkdaşlıq, hərbi sahədə enerji, nəqliyyat, logistika, ticarət, humanitar, mədəni və bir çox qeyd etdiyimiz kimi sahələri əhatə edir. Bu baxımdan Azərbaycan prezidentinin Türkiyə səfərini bu aspektdən dəyərləndirmək doğru olar. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, hazırda dünyada ciddi proseslər baş verməkdədir. Bu həm də qlobal səviyyədə, həm də regional səviyyədə proseslərə təsir edir. Bu baxımdan belə görüşə ehtiyac var. Həmçinin nəzərə alsaq ki, hər iki dövlət türk dövlətləri təşkilatının lokomotiv rolunu oynayır və gələn ay Türk dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə toplantısı da keçiriləcək. Məhz bu baxımdan həmin görüşə hazırlıq kontekstində belə bir görüşə ehtiyac vardı. Təbii ki, Güney Qafqazdakı proseslər, Azərbaycan-Ermənistan normallaşma prosesi, Zəngəzur dəhlizinin açılması, bölgəyə kənar müdaxilələr və digər bu kimi məsələlərdə müzakirə olunacaq, olunmuş məsələlər sırasındadır. Belə görüşlərin vaxtaşırı keçirilməsi təbiidir. Həm Azərbaycan prezidenti, həm Türkiyə prezidentinin vaxtaşırı görüşləri baş tutur. Xatırlayırsınızsa, bundan əvvəl də bir neçə gün qabaq Azərbaycan xarici işlər naziri ilə Türkiyə xarici işlər nazirin təmasları olmuşdur. Bundan əlavə, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin Türkiyə vitse prezidenti Cevdət Yılmazla görüşləri baş tutmuşdu. Bu o deməkdir ki, bizim aramızda bütün istiqamətlərdə intensiv kontaktlar var. Bunlar əlbəttə ki, hazırdakı beynəlxalq şəraiti, bölgəmizdə baş verənləri əhatə edir. Hər iki ölkə bu cür vəziyyətlərə adekvat öz addımlarını atmaq üçün belə görüşmələr həyata keçirirlər”.

Rəfiqə NAMAZƏLİYEVA