- Müşahidə məntəqəsi
- 24 İyul 2024 20:38
- 9 454
Ermənistanın COP29 tədbirinə qatılmaması üçün heç bir səbəb yoxdur - Əli Zülfüqaroğlu
“Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. Dəvət qərarı diplomatik əlaqələri olmayan Bakı ilə İrəvan arasında onilliklər boyu davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan sülh prosesi fonunda verilib”.
“Əslində, Ermənistan rəhbərliyinin Azərbaycanda təşkil olunacaq COP29 tədbirinə qatılmaması üçün heç bir səbəb yoxdur. Ermənistan bu tədbirə qatılacaqsa, o zaman sülh danışıqlarında irəliyə doğru bir addım atılmış olacaq. Eyni zamanda rəsmi İrəvan bununla nümayiş etdirəcək ki, sülh sazişinin imzalanmasına çalışır. Amma Londonda Britaniya baş nazirinin Azərbaycanla Ermənistan rəhbərliyi arasında görüş təklifinə yox deməsi onu deməyə əsas verir ki, İrəvan Britaniya- Fransa qlobal savaşında Fransanın yanında dayanır, eyni zamanda Fransanın diktəsi ilə hərəkət edir. London təklifinə yox deyilməsi eyni zamanda onunla bağlıdır ki, Britaniya beynəlxalq normalarına uyğun ədalətli mövqe sərgiləyir və həmçinin Azərbaycanın gündəliyinə yaxın mövqe nümayiş etdirir”.
Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O qeyd edib ki, bu, onu deməyə əsas verir ki, COP29-a qədər sülh sazişinin imzalanması ehtimalı demək olar ki, yoxdur.
“Çünki COP29 qədər sülh sazişinin imzalanması Britaniyanın təşəbbüsü idi və Londonda İrəvanın bu addımı atması sülh sazişinin tezləşdirilməsinə xidmət etmir. Biz bu kontekstdə məsələləri dəyərləndirsək, onu deyə bilərik ki, rəsmi İrəvan yüksək səviyyədə, hökumət rəhbəri səviyyəsində COP29 tədbirinə qatılmayacaq. Bunu onunla əsaslandıra bilər ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Ancaq tədbirə eyni zamanda orta və aşağı ranqlı məmurlar səviyyəsində qatılma ehtimalı da istisna olunmur. İstənilən halda biz tədbirə hökumət rəhbəri səviyyəsində qatılma ehtimalının az olduğunu ehtimal edirik və bu da onu deməyə əsas verir ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı yaxın perspektivdə, ən azı COP29-a qədər müddət ərzində ciddi irəliləyişlərin əldə olunması ehtimalı azdır”.
Rəfiqə NAMAZƏLİYEVA