"Ukrayna savaşının mümkün qədər tez bir zamanda dayandırılması olduqca vacibdir" - Elçin Xalidbəyli

“Böyük güclər arasında gərginlik son həddə: Rusiya ABŞ-ı hədələyir, Ərdoğan İsraili təhdid edir, ABŞ Çinlə qarşı-qarşıya gəlir, İsrail İranı yer üzündən siləcəyi ilə hədələyir. Ukraynada, Qəzzada müharibə şiddətlə davam edir. Bütün bunların fonunda Cənubi Qafqaz son 300 illik tarixin ən problemsiz dövrünü yaşayır, buna da qlobal güclər müdaxilə edib, qarışdırmaq istəyir”.

“Hazırda dünyada demək olar ki, Üçüncü Dünya müharibəsinin ilkin mərhələsi baş verməkdədir. Ancaq bu savaşın daha açıq müstəviyə keçməsi istiqamətində də müəyyən addımlar atılır. Hətta buna bilərəkdən cəhd göstərən beynəlxalq güclər də var. Çünki həm Yaxın Şərqdə baş verən hadisələr daha geniş areala yayılaraq qlobal savaş törətmək imkanındadır, həm də Ukrayna savaşının özü öz arealını genişləndirərək yeni qlobal savaşın əsasını qoymaq potensialına malikdir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Politoloq qeyd edib ki, Ukrayna savaşı və Yaxın Şərqdə baş verən hərbi münaqişə faktiki olaraq Üçüncü Dünya savaşının ilkin mərhələsi olaraq dəyərləndirilə bilər.

“Çünki Ukrayna savaşında yalnız Rusiya və Ukrayna orduları vuruşmur, eyni zamanda Ukraynaya dəstək verən NATO ölkələri də bu savaşda öz hərbi texnikaları ilə silah-sursatları ilə iştirak edirlər. Ukrayna ordusunu silah-sursatla hərbi texnika ilə təchiz olunması faktiki olaraq tərəfin tutulması və Ukraynanın tərəfindən bu savaşda qeyri-rəsmi, yəni səhnə arxasından iştirak etmək anlamı daşıyır. Eyni zamanda Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının maliyyə dəstəyi də bu savaşda iştirakı təsdiqləyən faktorlardan biridir. Digər tərəfdən, Rusiyanın tərəfində də Ukrayna savaşında iştirak edən kifayət qədər ölkələr mövcuddur. Bu ölkələrin sırasında Çini, Şimali Koreyanı, İranı və digər bu kimi ölkələri qeyd eləmək olar. Yəni bu ölkələrdə səhnə arxasından Rusiyanın tərəfində Ukrayna savaşının iştirakçılarıdır. Gələcəkdə bu savaşın iştirakçılarının hərbi əməliyyatlarda birbaşa iştirak edib-etməyəcəkləri hələlik məlum deyil. Amma bununla belə, Ukrayna savaşının davam etməsi belə bir təhlükəni yaradır”.

“Ona görə də Ukrayna savaşının mümkün qədər tez bir zamanda dayandırılması olduqca vacibdir. Çünki əgər Ukrayna savaşı öz arealını genişləndirərək həm Rusiyanın dərinliklərinə, həm də Avropa məkanının içərilərinə doğru sıçrayarsa bu nəhəng qlobal savaş anlamı daşıyacaq. Ancaq belə bir qlobal savaş, eyni zamanda növbəti mərhələdə bütün dünyanı dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qoya biləcək bir nüvə savaşına da yol aça bilər. Çünki Rusiyanın və onun arxasında olan dövlətlərin NATO dövlətləri ilə NATO ilə birbaşa hərbi toqquşmalarda qalib gəlmək imkanları ümidverici xarakter daşımır. Əgər Rusiya Ukrayna savaşı genişlənəcəyi təqdirdə NATO ilə müharibə eləmək məcburiyyətində qalarsa, məğlubiyyət qaçılmaz ola bilər. Rusiya isə məğlubiyyətin qaçılmaz olduğunu hiss edəcəyi təqdirdə böyük ehtimalla nüvə silahına əl ata bilər. Belə təhlükə tamamilə realdır. Rusiyanın belə bir çılğınlıq etmə ehtimalı mövcuddur və Rusiya nüvə silahından istifadə edərsə, bu o deməkdir ki, Rusiyaya qarşı cavab olaraq nüvə zərbələri endirilə bilər. Bu halda isə dünya öz tarixində ilk dəfə olaraq dəhşətli nüvə savaşı ilə üzləşə bilər. İndiki mövcud savaşlar dünyanı böyük fəlakətlərə doğru sürükləyir və bu savaşların mümkün qədər tez bir zamanda dayandırılması bütün bəşəriyyətin xilas olunması istiqamətində atılmış önəmli bir addım ola bilər”.

Rəfiqə NAMAZƏLİYEVA