- Müşahidə məntəqəsi
- 2 Avqust 2024 18:43
- 8 344
"Ermənistan Azərbaycan tərəfinin tələblərini gözardı etdikcə öz mövqelərini itirir" - siyasi şərhçi
“Prezident İlham Əliyev sonuncu dəfə Londonda səfərdə olarkən jurnalistlərin sülh prosesinin necə irəlilədiyi ilə bağlı sualı “Əla” jesti ilə cavablamışdı. Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov isə iki gün öncə “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı sülh müqaviləsi istiqamətində müəyyən irəliləyişin olduğunu qeyd etdi. Sülh prosesi ilə bağlı Bakıdan tez-tez nikbin bəyanatlar eşidilsə də, İrəvanın açıqlamaları və davranışı bununla üst-üstə düşmür. Sanki Ermənistan prosesi arxa plana keçirməyə çalışır”.
“Azərbaycanın nikbinliyi ondan qaynaqlanır ki, Azərbaycan qalib tərəfdir, hərb meydanında imza atdığı qalibiyyəti rəsmləşdirmək istəyir, istənilən müharibə sonda sülhlə yekunlaşmalıdır, əgər sülh razılaşması olmasa bu yeni müharibəyə rəvac verə bilər. Hesab edirəm ki, sülhdə maraqlı olan tərəf Ermənistan olmalıdır, baş verənlər onu göstərir ki, Ermənistan Azərbaycan tərəfinin tələblərini gözardı etdikcə öz mövqelərini itirir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.
Siyasi şərhçi qeyd edib ki, nəhayət başa düşməlidilər ki, nicat yolu hardasa Qərbdə və ya kənarda deyil, məhz Azərbaycanla anlaşmadan keçir.
“Azərbaycan Prezidenti Qərb platformalarına fəal şəkildə qatılır, sülhlə bağlı mesajlar verir. Düşünürəm ki, bu Cənab Prezident tərəfindən önəmli bir jestdir, ölkə başçısı bununla nümayiş etdirir ki, sülh üçün hələ imkanlar tükənməyib. Eyni zamanda danışıqlar prosesi ikitərəfli formata keçid alıb, bu isə Ermənistana imkan verir ki, vasitəçilər olmadan birbaşa Azərbaycanla anlaşa bilsin. Lakin belə görünür ki, Ermənistan sülh prosesindən yayınmağa çalışır. Qərb tərəfindən hərbi dəstək və yardımlar alan kimi yenidən bu ölkədə revanşist hisslər üstələyir, belə düşünürlər ki, onların bu məğlubiyyəti müvəqqətidir, yenidən güc toplayıb torpaqları geri qaytaracaqlar. Lakin bu çox yanlış yanaşmadır və Ermənistanı uçuruma aparır, bunlar erməni cəmiyyətini manipulasiya etmək məqsədi daşıyır. Erməni cəmiyyətində və hakim dairələrdə belə fikir formalaşmaqdadır ki, əgər sülh müqaviləsi rəsmiləşsə, artıq Ermənistanın Qarabağa iddia etmək imkanı olmayacaq. Ona görə də sülhdən yayınırlar, prosesi uzatmağa çalışırlar, digər tərəfdən Zəngəzur dəhlizi məsələsinin gerçəkləşməsinə qarşı çıxırlar. Azərbaycanın səbri isə sonsuz deyil və Ermənistan müharibəni uduzan zaman kapitulyasiyaya imza ataraq bu məsələlərlə bağlı öhdəlik götürüb və bu istiqamətdə real addımlar atmalıdır. Düşünürəm ki, Azərbaycanın sülh prosesi ilə bağlı bütün tələbləri haqlıdır və bu günkü reallıqla ayaqlaşır, erməni tərəfi isə hələ də reallıq hissindən məhrum olub”.
Rəfiqə NAMAZƏLİYEVA