Qərbin, o cümlədən NATO-nun məğlubiyyəti demək olacaq ki... - politoloq

“Ali Rada Ukraynada hərbi vəziyyəti və ümumi səfərbərliyi daha 90 gün uzadıb. Məlumata görə, Rusiyanın tammiqyaslı müdaxiləsinin üçüncü ilində 1200 kilometrlik cəbhə xətti boyunca Ukrayna əsgərləri böyük basqı hiss etdiklərindən çox zaman taqətdən düşüncə vuruşmalı olurlar. Ukrayna özünü müdafiə etməkdən ötrü əsgər sayını artırmaqda çətinlik çəkir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də açıqlamasında bildirmişdi ki, 2025-ci ildə Ukrayna müharibəsi bitə bilər”.

“Ukraynada təbii ki, savaş başlayandan bəri hərbi vəziyyət elan olunur və savaşın həm uzun sürməsi, həm ciddi itkilərin olması Ukraynanı bir çox sərt addımlar atmağa vadar edir ki, onlardan biri də səfərbərliklə bağlı məsələlərdir. Çünki Ukraynanın da bu savaşda itkiləri kifayət qədər böyükdür. Bu baxımdan savaşı davam etdirmək üçün ehtiyata ehtiyac var. Hərbi vəziyyətin üç ay daha uzadılması da məhz buna hesablanıb və nəzərə alsaq ki, döyüş əməliyyatları olduqca böyük ərazini əhatə edir. Cəbhə xətti 1000 kilometrin üzərindədir və savaşı davam etdirməkdə kifayət qədər çətinləşir. Həmçinin artıq cəmiyyətdə ciddi bir yorğunluq da müşahidə olunmaqdadır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq qeyd edib ki, Ukrayna tərəfindən verilən açıqlamalar da ondan ibarətdir ki, Ukrayna danışıqlara hazırdır.

“Sadəcə olaraq, beynəlxalq hüquqa uyğun olaraq proseslərin getməsini istəyir. Yəni burada məcbur etmə variantı olmasın. Amma hər halda savaşın dayanması da tək Ukraynanın qərarından asılı olmayacaq. Amerikada da prezident seçkiləri artıq özünün həlledici mərhələsinə qədəm qoyur və prezidentliyə namizədlərin də Ukrayna savaşına münasibət bəllidir. Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə nəyin baş verəcəyini proqnozlaşdırmaq da çətindir. Bu baxımdan hazırda birmənalı şəkildə Ukraynanın məcbur edildiyini söyləmək çətin olsa da, amma görünən odur ki, həm NATO, kollektiv Qərb artıq savaşdan yorulublar. Ancaq onların da geri çəkilmə variantları yoxdur. Belə ki, əgər Rusiya qarşısında geri çəkilsələr, bu, Rusiyanın həm daha da güclənməsinə eyni zamanda mövqeyinin və təsir gücünün artmasına gətirib çıxaracaq. Bu da həm də Qərbin, o cümlədən NATO-nun məğlubiyyəti demək olacaq ki, Qərb də buna getmək istəmir. Bu formada Rusiyanı zəiflədərək masaya oturmağa məcbur etmək istəyir. Bu baxımdan hələlik Ukraynanın alçaldıcı sülhə məcbur edildiyi ilə bağlı fikirlər və ehtimallar səslənsədə hələlik gerçək olaraq bu istiqamətdə real addımlar atılmayıb”.

Rəfiqə NAMAZƏLİYEVA