Ukrayna ilə Rusiya arasında atəşkəsin əldə olunması və sülh daha çox Qərbə sərf edir - Vüqar Əhmədov

“Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev Rusiya ilə sülh danışıqlarında vasitəçilərə ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, müharibəyə son qoymaq üçün Kiyevə müttəfiqlər və sülh konfransı lazımdır. Digər tərəfdən Ukrayna Prezidenti Volodimir Zelenski müharibədə qalib gəlmək üçün hazırlanan yeni planının artıq 90 faizinin hazır olduğunu bəyan edib”.

“Kiyevin məqsədi bütün Qərbi Rusiyaya qarşı səfərbər etmək prosesini daha da uzatmaq, bu prosesi davamlı etmək və Rusiyanı sülh konfransına gətirməkdir. Əlbəttə ki, Rusiyanın hələ ki, sülh konfransına qatılması sual altındadır. Rusiya Qərb platformalarını, AŞPA və ATƏT parlament Assambleyalarını tərk edib, düşünmürəm ki, ABŞ-dakı seçkilərə qədər Ukrayna ilə Rusiya arasında hər hansı sülh razılaşması əldə olunsun”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Siyasi şərhçi qeyd edib ki, Ukrayna yaxşı anlayır ki, Rusiya öz şərtlərini qəbul etdirmədən nəzarət etdiyi əraziləri tərk etməyəcək.

“Ukrayna isə hələ bununla barışmaq istəmir. Baxmayaraq ki, Qərb və NATO-da Amerikadakı seçkilərin nəticəsindən asılı olmayaraq Ukraynaya hərbi və maliyyə dəstəyinin davam edəcəyini bildirirlər. Lakin düşünürəm ki, Rusiya məhz ABŞ-dakı seçkilərin nəticələrinə indi daha çox fokuslanıb. Bir sözlə, indiki dönəmdə atəşkəsin əldə olunması və sülh daha çox Qərbə sərf edir. Çünki davamlı müharibə riskləri, sanksiyalar, maliyyə yardımları və qaçqın problemi Avropaya yük olub. Ukrayna isə maksimum Qərbin yardımlarından faydalanmağa və prosesi uzatmağa, Rusiyada hansısa daxili təlatümlərə ümid edərək öz ərazilərini qaytarmağı düşünür. Çünki indiki şərtlərlə olacaq sülh müqaviləsi Ukraynadakı hakimiyyətin xalq arasında mövqelərini zəiflədəcək. Putin və Zelenski arasında Avropanın vasitəçiliyi ilə əvvəlki sülh danışıqları fayda versəydi bugünkü müharibə başlamazdı”.

Rəfiqə NAMAZƏLİYEVA