- Müşahidə məntəqəsi
- 30 Aprel 19:40
- 1 303
Trampın 100 Günlük Prezidentliyi və Yüksələn Etiraz Dalğası
.jpg)
“Donald Trampın 100 günlük prezidentliyi başa çatdıqdan sonra ona qarşı etirazların artacağı gözlənilən idi. Çünki hakimiyyətə kifayət qədər səs-küylü başlayan Tramp, faktiki olaraq dünya siyasətinə ciddi təsir göstərdi. Hazırda mövcud olan 80 illik beynəlxalq düzəndə mühüm dəyişikliklər baş verir və bu proseslərdə Trampın rolu az deyil. Xüsusilə Rusiya-Ukrayna müharibəsinə dair onun mövqeyi həm ABŞ daxilində, həm də beynəlxalq miqyasda ciddi narazılıqla qarşılanır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Xatırladaq ki, 2025-ci ilin aprelində ABŞ-də Prezident Donald Trampa qarşı üçüncü dəfə impiçment təşəbbüsü gündəmə gəlib. Demokrat Partiyasından, xüsusilə Miçiqan ştatından Konqres üzvü Şri Tanedar Nümayəndələr Palatasına rəsmi impiçment təklifi təqdim edib. Təklifdə Trampın daxili və xarici siyasətdəki bəzi qərarları, medianın azad fəaliyyətinə müdaxilə iddiaları və icra hakimiyyətinin Konqres səlahiyyətlərini aşması əsas mübahisə predmetidir.
Politoloq qeyd edib ki, ABŞ-ın xarici siyasətində baş verən 180 dərəcəlik dəyişikliklər Trampın prezidentliyi dövründə ən çox tənqid olunan məqamlardan biri hesab olunur.
“Bundan əlavə, onun beynəlxalq ticarət sahəsində tətbiq etdiyi tarif siyasəti, proqnozlaşdırılması çətin olan bəyanat və davranışları, eləcə də daxildə atdığı addımlar müxalif çevrələrdə ciddi narazılıq doğurur. Bütün bu faktorlar Trampın reytinqinə də təsir göstərmişdir. Son rəy sorğularına əsasən, onun reytinqi 44 faizə qədər enmişdir ki, bu da onu öz sələflərindən geri salır. Hətta bu narazılıqlar yalnız cəmiyyət daxilində deyil, onun təmsil olunduğu Respublikaçılar Partiyasında da müəyyən səviyyədə səsləndirilir. Bununla belə, yaxın dövrdə Trampa qarşı impiçment cəhdlərinin real nəticə verəcəyi inandırıcı görünmür. Onun prezidentliyinin birinci dövründə də impiçment təşəbbüsləri olmuşdu. Həmin vaxt daha ciddi ittihamlar irəli sürülsə də, bu proseslər nəticə vermədi. Hazırda Trampın nüfuzunda azalma müşahidə olunsa da, onun siyasi təsir imkanları, dəstəkçi bazası və resursları hələ də kifayət qədər güclüdür. Bu səbəbdən, ən azı yaxın bir il ərzində Trampa qarşı impiçment qərarının qəbul olunması real görünmür”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az