- Müşahidə məntəqəsi
- 19:41
- 1 080
“Virtual mühit real sosial bacarıqları əvəz etmir” – Xumar Namazəliyeva
"Roblox kimi oyunlarda ən narahat edici məqam uşağın nəzarətsiz və uzunmüddətli istifadəsinin psixoloji və davranış inkişafına təsiridir. Belə oyunlar sürətli mükafatlandırma prinsipi ilə işləyir. Uşaq hər kiçik uğurda xal, geyim və ya yeni funksiya qazandıqca beyində dopamin səviyyəsi yüksəlir və bu onu daha çox oynamağa təşviq edir. Nəticədə uşaq real həyatda səbir və davamlı səy tələb edən fəaliyyətlərə marağını itirə, tez darıxa və diqqətini saxlamaq çətinliyi yaşayır. Sosial tərəfdən də risklər mövcuddur. Virtual mühitdə çox vaxt keçirən uşaq üzbəüz ünsiyyət bacarıqlarını inkişaf etdirə bilmir. Bəzi uşaqlar oyunda daha güvənli hiss edərkən, real dostluq münasibətlərindən uzaqlaşır və sosial izolasiya riski artır".
Bu fikirləri Aznews.az-a açıqlamasında uşaq və yeniyetmə psixoloqu Xumar Namazəliyeva bildirib.
Qeyd edək ki, uşaqların virtual dünyaya marağı artdıqca, valideynlər və ekspertlər də narahatlıq hissini gizlədə bilmir. Roblox kimi oyunlar əyləncə adı altında sürətli mükafatlandırma və sosial təzyiq sistemləri ilə uşağın davranış və psixoloji inkişafına təsir edə bilər. Uzun müddət nəzarətsiz oynandıqda uşaq real həyatdakı səbir, diqqət və sosial bacarıqlardan uzaqlaşır, impulsiv davranış və asılılıq riski artır.
Psixoloq vurğulayıb ki, platformada minlərlə istifadəçi oyunu mövcud olduğundan, onların hamısını nəzarət altında saxlamaq mümkün deyil.
"Bəzən qorxulu, aqressiv və ya yaşa uyğun olmayan səhnələr uşağın emosional tənzimlənməsinə mənfi təsir göstərə bilər; xüsusilə həssas uşaqlarda narahatlıq, qorxu və aqressiv davranışın artması müşahidə olunur. Oyundaxili alış-veriş sistemi də əlavə psixoloji yük yaradır. Uşaq virtual geyim və aksesuarlarla başqaları ilə müqayisə aparır və “geri qalmaq” qorxusu yaşayır. Bu, erkən yaşda maddi dəyərlərə həddindən artıq önəm vermə, məyusluq və impulsiv xərcləmə davranışı yarada bilər. Asılılıq riski də nəzərə alınmalıdır. Uşaq oyunu dayandıranda əsəbiləşir, gündəlik rutinini oyuna uyğunlaşdırırsa, bu artıq davranış asılılığının əlamətidir. Belə vəziyyətdə yuxu rejimi pozulur, fiziki aktivlik azalır və bu həm psixoloji, həm də fiziki sağlamlığa təsir göstərir. Sağlam inkişaf üçün virtual mühit real sosial təcrübənin əvəzini tutmamalıdır, çünki empatiya, emosional tənzimləmə və davamlı sosial bacarıqlar əsasən üzbəüz ünsiyyət və real həyat şəraitində inkişaf edir".
Rəfiqə Namazəliyeva,
AzNews.az