- Müşahidə məntəqəsi
- 21:08
- 842
Atəşkəs müvəqqəti xarakter daşıyacaq - Politoloq
"Böyük Britaniya müstəmləkə siyasətindən imtina edərkən yeni yaranan dövlətlər arasında sərhədləri elə müəyyənləşdirib ki, 100 il sonra da münaqişələr davam edir. Afrikanın bir qrup ölkəsi arasında sərhəd düz xətlə çəkilib, Pakistanla Hindistan arasında Kəşmir iki hissəyə bölünüb, Pakistanla Əfqanıstan arasındakı sərhəd isə 1893-cü ildə “Dürand xətti” deyilən prinsiplə müəyyənləşib ki, hər iki tərəf indiyənə qədər bir-birini sərhəd pozuculuğunda ittiham edir".
Bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib. O, deyib:
"Nə qədər ki, iki ölkə arasında sərhədin müəyyələşməsiylə bağlı razılıq yoxdur, Pakistanla Əfqanıstan arasında gərginlik azalmayacaq. Hazırki müharibə uzun sürməyə bilər, Türkiyə iki dövlət arasında atəşkəsə çalışır, xarici işlər naziri Hakan Fidan pakistanlı və əfqan həmkarlarıyla telefonla danışıb.
Atəşkəs müvəqqəti xarakter daşıyacaq. Bölgədəki gərginlik Pakistan və Əfqanıstandan keçməsi planlaşdırılan nəqliyyat dəhlizlərini sual altında qoyur. Çin Pakistanla strateji tərəfdaş olmaqla yanaşı Pekinin Əfqanıstanın resurslarından və nəqliyyat imkanlarından istifadə etmək planları var. Pekin Talibanla müxtəlif müqavilələr imzalayıb. Qərb liderləri Pekindən xahiş edirlər ki, Çin lideri Si Cinpin rusiyalı həmkarı Vladimir Putinə təsir edərək, Kreml sahibinin Ukraynaya qarşı işğalçı müharibəsini dayandırsın. Si Cinpin bunda maraqlı deyil. Çünki, Rusiya-Ukrayna müharibəsi Çinin iqtisadi gücünə təhlükə yaratmır, əksinə Pekin Rusiyadan ucuz neft və qaz alır. Pakistan-Əfqanıstan müharibəsi isə Çinin birbaşa maraqlarına toxunur. Ona görə də, mümkündür ki, Pekin də Ankara kimi bu iki dövlət arasında gərginliyin azaldılması üçün vasitəçilik təşəbbüslərinə başlasın. Ancaq vasitəçilik təşəbbüsünün uğur qazanması yenə Əfqanıstan-Pakistan sərhədinin qeyri-müəyyənliyinə dirənəcək".
AzNews.az