- Müşahidə məntəqəsi
- 21:34
- 2 406
“Qeyri-rəsmi nikahlar bu problemi daha da çətinləşdirir” – Naib Niftəliyev
"Azərbaycanda qohum evlilikləri uzun müddət mövcud olub və Şərq ölkələri üçün olduğu kimi, müəyyən dövrlərdə Qərb ölkələrində də xarakterik olan bir ənənədir. Ona görə də xalaoğlu, dayıoğlu, bibiqızı, əmiqızı və s. kimi yaxın qohumlar arasında, yəni birinci və ikinci dərəcəli qohumlarla evliliklər Azərbaycan əhalisinin təxminən 45 faizinə qədərini əhatə edən göstərici kimi qiymətləndirilir. Bu baxımdan, məsələnin birdən-birə qadağan olunması və ya arxa plana keçməsi ilə bağlı rəsmi addımlar ictimai baxımdan faydalı və müsbət hesab olunsa da, qaydalara əməl etməyənlərin də hər zaman olduğu nəzərə alınmalıdır. Buna görə də qanunun tətbiqi ilə bağlı hüquqi mexanizmlərin daha da sərtləşdirilməsinə ehtiyac olduğu bildirilir. Bununla yanaşı, cəmiyyətə qohum evliliklərinin yaratdığı fəsadlar, gələcək nəsil və sağlamlıq üçün risklər geniş şəkildə izah edilməlidir. Sağlam ailə modelinin formalaşması üçün fərqli regionlar arasında evliliklərin daha uyğun, təbii və mümkün variant kimi təşviq olunması vacibdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, qohum evliliklərinin qarşısının alınması məqsədilə Azərbaycanda tətbiq edilən qanuni məhdudiyyətlərə baxmayaraq, belə nikahların davam etməsi məsələni yenidən ictimai müzakirələrin gündəminə çıxarıb. Mövcud hüquqi tənzimləmələrin effektivliyi və onların real praktikada yaratdığı nəticələr müxtəlif müstəvilərdə müzakirə olunur. Bəzi mütəxəssislər isə bu məhdudiyyətlərin qeyri-rəsmi nikah hallarının artmasına səbəb olub-olmadığı barədə sualların ortaya çıxdığını qeyd edirlər.
Sosioloq qeyd edib ki, genetik tədqiqatlar göstərir ki, genetik yaxınlıq artdıqca nəsildə müxtəlif xəstəliklərin yaranma riski yüksəlir, həmçinin sağlamlıq, stresə davamlılıq və inkişafla bağlı problemlər ortaya çıxa bilər.
"Bu baxımdan əsas səbəblər aydındır. İnsanlar yaxın qohumlarla ailə quraraq öz gələcəklərini daha “təminatlı” hesab etsələr də, bu yanaşma aldadıcı və məhdud düşüncə tərzidir. Çünki gələcək nəsillərdə bu, həm fiziki, həm də zehni inkişafla bağlı problemlərin, müxtəlif genetik xəstəliklərin ortaya çıxmasına səbəb ola bilər. Tarixdə və müasir statistikada bununla bağlı kifayət qədər nümunələr mövcuddur. Qohum evliliklərinin mümkün qədər məhdudlaşdırılması və ya tamamilə aradan qaldırılması daha doğru yanaşma kimi qiymətləndirilir. Bununla belə, bəzi hallarda insanlar rəsmi prosedurlardan yayınaraq dini nikahlarla bu münasibətləri davam etdirirlər. Bu isə məsələnin qanuni nəzarətini çətinləşdirir. Bu səbəbdən qanunvericiliklə yanaşı, dini və mənəvi dəyərlərlə uzlaşan maarifləndirmə işlərinin aparılması vacib hesab olunur. Müvafiq qanunun həm tövsiyə, həm də müəyyən dərəcədə məcburi xarakter daşıması bu sahədə irəliləyişə səbəb ola bilər. Hazırda bu hal kütləvi xarakter daşımır, lakin mövcud göstəricilər tamamilə kiçik də deyil. Təxminən 3–5 faiz aralığında olan bu göstəricinin gələcəkdə artma riski də istisna olunmur. Ona görə də ictimai qınağın formalaşdırılması, insanların maarifləndirilməsi və cəmiyyətin bu mövzunu daha fəal müzakirə etməsi vacibdir. Eyni zamanda, evlilik prosedurlarının sadələşdirilməsi, boşanmaların hüquqi baxımdan daha effektiv tənzimlənməsi və ailələrə sosial dəstəyin artırılması da bu istiqamətdə müsbət nəticələr verə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az