"Ruben Vardanyanın qeyri-qanuni vəsaitlərinin AŞPA-ya daxil olması araşdırılmalıdır"

2006-cı ilin əvvəlindən 2013-cü ilin əvvəlinədək “Troika” qrupunun şəbəkəsindən 8,8 milyard dollar keçirilib

Məruzədə çirkli pulların yuyulması halları ilə bağlı üç fərqli iddia əks olunub. Lakin hesabat bu hallardan yalnız birini həmin cinayətlərdə iştirak etdikləri iddia olunanların vətəndaşlığı ilə bağlayır və hesabata ölkənin adını qoşur: “Azərbaycan landromatı”. Məlumdur ki, qanunsuz əməllər və cinayətlərin vətəndaşlığı yoxdur və AŞPA hər hansı iddiaya və ittihama görə millət haqqında belə termini işlətməkdən çəkinməlidir. Bu cür davranış bir neçə insanın iddia edilən əməllərinə görə asanlıqla bütün millətin təhqirinə çevrilir. Assambleya qeyri-hökumət təşkilatı tərəfindən verilən məlumata etimad göstərməməli, özü araşdırma aparmalıdır.

Bu fikirləri AŞPA-nın yaz sessiyasında hollandiyalı deputat Mart van de Veninin hazırladığı “Landromat – mütəşəkkil cinayətkarlıq, korrupsiya və çirkli pulların yuyuylmasına qarşı beynəlxalq mübarizədə yeni çağırışlara münasibət” adlı məruzə ilə bağlı çıxışında Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova söyləyib.

“Təəssüf ki, məruzəçi “laundromat” ifadəsinin qarşısına “Azərbaycan” sözünü artırıb. Məruzəçi bu məntiqlə çıxış edirsə, onda digər halları - “Global Laundromat”ı “Rus laundromat”ı, “Troika laundromat”ı erməni landromatı kimi göstərməlidir.

“Troika laundromat”ın adını səsləndirməyimə görə bəzi həmkarlarım hesab edə bilərlər ki, Azərbaycan deputatı bu məsələdən Ermənistanın adının da hallanması üçün istifadə edir. Həqiqəti bilmək üçün sizi bir ay əvvəl yayılan məlumatları daha yaxından araşdırmağa dəvət edərəm”, - deyə Sahibə Qafarova qeyd edib.

O, bütün “Troika” sxemini bir erməni iş adamı Ruben Vardanyanın yaratmasından, çox sayda Ermənistan vətəndaşını qanunsuz pulların yuyulması sxeminə cəlb etməsindən danışıb. Bildirib ki, “Troika Laundromat”la bağlı çoxsaylı əməliyyatlarda mərkəzi şəxs Armen Ustyan olub. Onun imzası digər ermənilərlə yanaşı, “Troika Laundromat”ın çoxsaylı müqavilələrində əks olunur.

2006-cı ilin əvvəlindən 2013-cü ilin əvvəlinədək “Troika” qrupunun şəbəkəsindən 8,8 milyard dollar keçirilib. Bu işin əsas siması Ruben Vardanyan hadisə aşkar olunana qədər xeyriyyəçi kimi tanınıb. “Troika laundromat” aşkarlandıqdan sonra məlum olub ki, bu xeyriyyəçi əslində cinayət yolu ilə əldə olunmuş pulların yuyulması vasitəsilə böyük sərvətə yiyələnmiş adi bir dələduzdur. Ermənistanda bank və çoxsaylı bizneslərə sahib olan Ruben Vardanyan erməni diaspor təşkilatlarının əsas havadarlarından biridir.

Azərbaycanlı deputat bildirib ki, AŞPA Ruben Vardanyanın qeyri-qanuni vəsaitlərinin bu quruma da daxil olması ehtimallarını ciddi araşdırmalı və yoxlamalıdır. Təəssüflə qeyd edib ki, yalnız bir ölkəni hədəfə alaraq, araşdırma aparmağa can atan bəzi deputatların “Troika laundromat” kimi ciddi işi araşdırmaq istəyəcəklərinə inanmır.

O, məruzəçiyə üz tutaraq, onu sübuta yetirilməmiş cinayət iddialarını “millət” adı ilə hallandırmamağa çağırıb.

“Nə üçün məruzədə yalnız bir halda ölkə haqqında milləti bildirən sifətdən istifadə etmisiniz, digər hallarda isə yox?”, - deyə Sahibə Qafarova məruzəçiyə müraciət edib. (AZƏRTAC)