Deputatın vəsiqəsini girov qoyması parlamentdə müzakirəyə çıxarılacaq

"Girov qoymaq üçün başqa sənədlər var"

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev millət vəkili Rafael Cəbrayılovun 300 min ABŞ dolları borc qarşılığında deputat vəsiqəsini girov qoymasına münasibət bildirib. Reyting.az xəbər verir ki, deputat

A.Abıyev açıqlamasında deyib ki, hazırda deputatlar məzuniyyətdədirlər:

"Hazırda məzuniyyətdəyik, bir həftədən sonra məzuniyyət başa çatır. Yəqin ki, Rafael Cəbrayılovun deputat vəsiqəsini banka girov qoyması ilə bağlı məsələni məzuniyyətdən qayıdandan sonra müzakirə edəcəyik. Ancaq bununla bağlı əvvəlcə Milli Məclis rəhbərliyi ilə müzakirə aparılmalıdır. Müzakirə aparılandan sonra İntizam Komissiyasının müvafiq qərarı olacaq. Gəlin, hələ tələsməyək. Məzuniyyət bitsin, millət vəkilləri bir araya gəlsin ki, yığılıb müzakirə apara bilək".

Ağacan Abıyev Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoymasının səhv addım olduğunu söyləyib: "Əgər Rafael Cəbrayılov belə bir hərəkət edibsə, bu, çox səhv addımdır. Girov qoymaq üçün başqa sənədlər var. Şəxsiyyət vəsiqəsi, pasportu girov qoya bilərsən, amma deputat vəsiqəsini girov qoymaq olmaz".

AzNews.az