- Göz önü
- 5 Noyabr 2019 12:10
- 2 614
“Prezident kadr siyasətinə münasibətdə mühafizəkar stereotipləri sındırdı”
Fikrət Yusifov: “Məsələyə bir qədər dərindən baxsaq, aparılan kadr siyasətinin fəlsəfəsi yaşlı kadrları işdən azad etmək deyil”
Prezident İlham Əliyev Xaçmaz və Yevlağa yeni təyin etdiyi gənc icra başçılarını qəbul edərkən Azərbaycanda gəncləşmə siyasəti aparıldığını, eyni zamanda bu prosesin kampaniya xarakterli olmadığını deyib: “Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik. Eyni zamanda təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır”.
Qeyd edək ki, bir sıra yaşlı məmurların işdən gedişini bəzi adamlar Azərbaycanda guya yaşlılara qarşı diskriminasiya hökm sürdüyü kimi şərh etməyə başlamışdılar. Prezidentin icra başçılarını qəbul edərkən səsləndirdiyi bu fikirlər belə rəyləri və təbliğatı alt-üst etdimi?
İqtisadçı professor, sabiq maliyyə naziri Fikrət Yusifov bildirdi ki, Azərbaycanda bəzən bir sözü, bir çağırışı həmən kampaniyaya çevirə bilənlər tapılır. Bu gün prezident ölkədə artıq illərdir yüksək vəzifələr tutmuş bəzi kadrları təqaüdə göndərir və ya onların yerini təqaüdə yaxın işçilərlə əvəzləyir. Dəyişən, müasirləşən dünyada bu proseslər hər yerdə gedir. Azərbaycan da burada istisna təşkil edə bilməz. Məsələyə bir qədər də dərindən baxsaq, aparılan kadr siyasətinin fəlsəfəsi yaşlı kadrları işdən azad etmək deyil: “Əsas məqsəd yaşı kifayət qədər olan və özünü yeni tələblərə uyğun dəyişməyi bacarmayan, bununla da gedən inkişaf proseslərinin qarşısında bir əngələ çevrilən kadrların işdən kənarlaşdırılmasıdır. Və bu da baş verir. Mən son zamanlar vəzifədən kənarlaşdırılmış adamları konkret olaraq xarakterizə etmək istəyində deyiləm. Ancaq onların arasında korrupsiyaya bulaşmışlar da az deyildir. Fikrimcə, xalqına, dövlətinə sədaqətlə xidmət etməyi bacaran və işə baxışlarını müasir çağırışlar səviyyəsində qura bilən peşəkarlar sağlamlıqları imkan verənə qədər dövlətinə, xalqına xidmət edə bilərlər. İdarəetmədə gəncləşdirmə bütün yaşlıların cavan kadrlarla əvəz edilməsi anlamına gələ bilməz. Belə olarsa, bir neçə ildən sonra bunun çox acı nəticələri eybəcər bir formada ortaya çıxar. Bəs bu gənclər harada öyrənməli, harada təcrübə yığmalıdırlar? Təbii ki, təcrübəli, böyük yol keçmiş kadrların yanında. Elə buna görə də ölkə prezidenti çox haqlı olaraq onun çağırışını kampaniyaya çevirmək istəyənlərə sərt olaraq ”biz kampaniyaya yol verməyəcəyik" dedi. Onun bu sözləri tam yerində və vaxtında edilmiş bir çağırışdır. Yəqin ki, bundan sonra kampaniyaçılar özlərini yığışdırarlar".
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, prezident İlham Əliyev kadr islahatlarını davam etdirir. Yaşlı məmurların yerinə gənclər təyin olunur. Baxmayaraq ki, prezident kadr islahatlarının yaşlılara qarşı istifadə olunmasının əleyhinədir, hamıya aydındır ki, illərdir eyni vəzifədə olanlar yerlərini gənclərə dövr etməlidirlər. Bu artıq geri dönüşü mümkün olmayan siyasətdir: “Bundan başqa, kadr islahatının əsas mənası həm də odur ki, bəziləri vəzifənin müvəqqəti olduğunu anlasınlar. Azərbaycanda rüşvətin və korrupsiyanın kökünü kəsmək lazımdır. Bunun alternativi olmadığını prezident də bilir və kadr islahatlarının əsas qayələrindən biri də budur.
Prezidentin siyasətində başqa bir yenilik də var. Prezidentin öz otağından ayrı-ayrı məmurlarla görüşü və açıqlamaları televiziyalarda yayınlanır. Prezident bunu ona görə edir ki, cəmiyyəti narahat edən məsələlərdən xəbərdar olduğunu göstərsin. Televiziya yayınları zamanı prezident elə vacib tənqidləri səsləndirdi ki, ən kiçik detallardan belə məlumatlı olduğunu büruzə verdi. Prezidenti konkret icra başçısının və hansısa məmurun doğru və ya yalan danışdığından da xəbərdardır. Çünki prezident alternativ məlumatlar əldə etdiyini də həmin məmurlara anlatmağa çalışır.
Fikrimcə, prezident parlamentin də tərkibinin dəyişdirilməsini istəyir. Deputatların bir çoxu passivdir, çıxış etmirlər, dövlət başçısının siyasətini xalqa izah edə bilmirlər. Buna görə də həmin deputatların daha gənc və fəal şəxslərlə əvəz olunmasına ehtiyac yaranıb.
Prezidentin kadr islahatları həm də onu göstərir ki, İlham Əliyev cəmiyyətin nədən narazı qaldığını bilir. Məsələn, prezident bilir ki, ölkədə inhisarçılıq var, nazirlərin şirkətləri var və onlar rəqib şirkətləri bazardan sıxışdırırlar. Prezident bu məsələlərin həll olunmasını istəyir. Yeni iqtisadiyyat naziri Mikayıl Cəbrayılov bu problemlərin həlli ilə məşğul olmalıdır. Mikayıl Cabbarov oliqarx deyil, adı korrupsiya qalmaqallarında hallanmayıb. Mikayıl Cabbarov təhsil və sonra vergilər nazir olduqdan sonra çalışdığı sahədə islahatları dərinləşdirdi. Mikayıl Cabbarov vergilər sistemini şəffaflaşdırmaqla büdcəyə əlavə 400 milyon manatın daxil olmasını təmin etdi. Mikayıl Cabbarovun bu uğurları prezidentin diqqətini çəkdi və buna görə prezident onu iqtisadiyyat naziri təyin etdi və səlahiyyətlərini artırdı".
Politoloq Elçin Mirzəbəyli isə bildirib ki, prezident kadr siyasətinə münasibətdə mühafizəkar stereotipləri sındırdı və gənc kadrlara şans verdi, eyni zamanda qeyd etdi ki, Azərbaycanda təcrübə ilə gənclərin dinamizminin vəhdətini yaratmaq lazımdır: “Təcrübə ilə dinamizmin sintezi nəinki mümkündür, bu amil bütövlükdə müasir idarəçiliyin əsasını təşkil edir.
Prezident İlham Əliyev Azərbaycanda kadr islahatlarının ana xəttini təşkil edən və gələcəkdə də edəcək bu mühüm tezisi dilə gətirəndə, ilk növbədə öz təcrübəsindən çıxış edib və təbii ki, inkişaf etmiş ölkələrin mərkəzi dövlət idarəetmə, yerli özünüidarəetmə və qeyri-dövlət idarəetmə sistemlərinin təcrübəsini də nəzərə alıb. Bu baxımdan, dövlət başçısının yanaşmasını idarəçiliyin bütün mərhələ və istiqamətlərində prioritet kimi qəbul etmək lazımdır.
İstənilən yenilik prosesə dinamika gətirir. Bununla yanaşı, biz ilk növbədə “gənc” deyəndə hansı yaş kateqoriyalarını nəzərdə tutduğumuzu müəyyənləşdirməliyik. Belə məsələlərdə subyektiv və fərdi maraqlardan çıxış etmək qətiyyən yolverilməzdir. Məsələn, 20-40 yaş arasında olan bir insan bu yaş kateqoriyasından yuxarı olan hər kəsi “yaşlı” hesab edir. Halbuki 40-60, bəzən isə 40-65 yaş arasındakı insanların idarəçiliyi daha effektiv nəticələrə gətirib çıxarır. Çünki hətta kollegial idarəçilikdə belə çoxsaylı ideya və fikirlər arasından ən doğru olanını seçmək, kadrlardan yerində istifadə etmək üçün mütləq müəyyən həyat və iş təcrübəsi lazımdır. Digər tərəfdən, cənab prezidentin də qeyd etdiyi kimi, əsas təfəkkür və yanaşmadır". ("Yeni Müsavat")
AzNews.az