Mənə avtomobil bağışlanmayıb - Tehran Mənsimov

Mətbuatda baş nazirin T.Mənsimova son model “Lexsus” markalı bahalı maşın bağışladığı barədə xəbər yayılıb

Bu gün mətbuatda dərc olunan məlumata görə Baş nazir Əli Əsədov Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimova lüks avtomobil hədiyyə edib.

Məlumata deyilirdi ki, Ə.Əsədov T.Mənsimova son model “Lexsus” markalı bahalı maşın bağışlayıb. Baş nazir bu addımı T.Mənsimovun İkinci Qarabağ döyüşlərində göstərdiyi şücaətinə görə atıb.

Tehran Mənsimov bildirib ki, yayılan məlumatın heç bir əsası yoxdu və ona hansısa avtomobil bağışlanmayıb: “Bu məlumatı hardan alıblar bilmirəm. Amma onu bilirəm ki, belə bir yalanla haqqımda olmayan bir informasiya yaymaqla məni çox ciddi rahatsız etmiş oldular.

Biz Vətən yolunda bir əsgər olaraq, bir döyüşcü olaraq borcumuzu yerinə yetirmişik.Bu hər bir Azərbaycan oğlunun, Azərbaycan əsgərinin müqəddəs borcudu.Ona görə də belə xəbərlərlə adımızın hallanması doğru deyil. Ən azından zəng edib məlumatın doğru olub, olmadığını öyrənə bilərdilər. Çox təəssüflər olsun yalan və həqiqət olmayan bir xəbər yayıblar”.