“Nə qədər məhkumun əfv olunması məsələsini cənab Prezident müəyyən edir” “Nə qədər məhkumun əfv olunması məsələsini cənab Prezident müəyyən edir”

Vüqar Səfərli, Eldar Həsənov, Səlim Müslümov, Əjdər Ol...- Əfv ərizəsi yazıb?

“Nə qədər məhkumun əfv olunması məsələsini cənab Prezident müəyyən edir”

Bir neçə gündür sosial şəbəkələrdə sabiq deputat Hüseyn Abdullayevin əfv üçün müraciət etməsi ilə bağlı məlumatlar dolaşır.

Əfv üçün müraciət edənlər arasında bir neçə tanınmış adlar var. Söhbət keçmiş nazir Səlim Müslümov, şair Əjdər Ol, keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənov, sabiq deputat Eldəniz Səlimov, ləğv edilmiş KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli və həbsdəki icra başçılarından gedir.

Maraqlıdır adı çəkilənlərdən kimlər əfv üçün müraciət edib? Ümumilikdə nə qədər məhkumun əfv olunması gözlənilir?

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyanın üzvü Əliməmməd Nuriyev Cebhe.info-ya açıqlamasında deyib ki, əfv sərəncamının hansı sayda məhkuma aid ediləcəyi haqqında məlumatsızdır:

“Nə qədər məhkumun əfv olunması məsələsini cənab Prezident müəyyən edir. Gələcəkdə əfv sərəncamı verilərkən hansı sayda məhkuma şamil olunacağı haqqında hansısa məlumata malik ola bilmərik. Bu, cənab Prezidentin səlahiyyətidir.”

Komissiya üzvü kimlərin əfv üçün müraciət etməsi ilə bağlı məlumatları açıqlamaq istəməyib:

“Bunlar hamısı şəxsi məlumatlardır. Kim istəsə özü müraciət etməsi haqqında məlumat verə bilər. Komissiya üzvü olaraq kimlərin bizə müraciət etməsi haqqında məlumatı vermək qanunvericiliyin pozulması kimi qiymətləndirilə bilər. Həm də etik qaydalara ziddir. “Şəxsi məlumatların qorunması haqqında” Qanun var. O qanunu da pozmuş olarıq. Müzakirələrin məzmunu barədə məlumat vermək yolverilməzdir. Hansı sayda müraciət var, kimlər müraciət edib- bu haqda məlumat vermək qanunun pozulmasına gətirib çıxara bilər. Yalnız müraciət etmiş şəxslər özləri müraciətləri barədə hər hansı məlumatı verə bilərlər.

Hansısa məhkumun əfv olunması ilə vəsatət qaldıran şəxs də məlumat verə bilər. Ona görə də bir sıra hallarda qeyri-hökumət təşkilatları, bəzi deputatlar və Ombudsman vəsatət qaldıra bilir, onlar və məhkumun yaxın qohumları da məlumat verə bilərlər”.

Qeyd edək ki, Azərbaycanda 28 May Müstəqillik Günü ilə əlaqədar əfv sərəncamının imzalanması gözlənilir. Əfv Məsələləri Komissiyasının bir neçə iclası keçirilib, bu vaxtadək 300-dən çox müraciətə baxılıb.