"Kamran Əliyevin rəhbərliyi altında milli Prokurorluq strukurları formalaşdırılır" - Mürvət Həsənli

Bu gün Azərbaycanın prokurorluq orqanlarının peşə bayramıdır

Bu gün Azərbaycanın prokurorluq orqanlarının peşə bayramıdır. Mərhum Prezident Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə «1 Oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü» kimi təsis edilmiş, Sərəncamda bu dövlət qurumu tarixi keçmişimizə və milli dəyərlərimizə qayğının təzahürü kimi qeyd olunmuşdu. Fikrimcə, mərhum Prezidentin bu cür qiymətləndirməsi təsadüfi deyildi. Çünki “prokuror” sözü latın kökənli “qayğı göstərirəm”, “təmin edirəm”, “qarşısını alıram” anlamına gəlir.

Prokurorluğun qayğıkeş orqan kimi tanınması da gəlişigözəl məna ifadə etmir. Dövlətlər var olandan bəri bütün siyasi iradələrin başlıca məqsədi həmin dövləti qorumağın qayğısına qalmaq olub. Bu müqəddəs işi isə prokurorluq orqanları həyata keçirib. Bu baxımdan əslində prokurorluq orqanlarının tarixi dövlətlər tarixi qədər qədimdir. Amma bir struktur olaraq, bu orqanın ayrıca qurum kimi fəaliyyət göstərməsi yenidir. Azərbaycanın örnək aldığı Rusiyada bu qurum ilk dəfə I Pyotrun zamanında ortaya çıxmışdır. Pyotrun 1722-ci il 12 yanvar tarixli fərmanı ilə təsis edilmiş prokurorluğun əsas vəzifəsi, təşkili və fəaliyyətinin prinsipləri onun imzaladığı “Baş Prokuror vəzifəsi haqqında” fərmanı ilə müəyyən olunurdu. Həmin fərmana əsasən prokurorluğa rəhbərliyi baş prokuror və onun köməkçisi - ober-prokuror həyata keçirirdilər. Sonrakı dövrlərdə prokurorluğun funksiya və vəzifələri ilə bağlı çoxsaylı qanunvericilik aktları qəbul edilmiş və bütün bunlar çar Rusiyasının müstəmləkəçilik siyasətinə xidmət etmişdir. Azərbaycan da Rusiya tərəfindən işğal ediləndən sonra ölkəmizdə imperiya maraqlarını qorumaq üçün prokurorluq orqanları yaradılmışdı. Çar Rusiyası zamanında ilk dəfə prokurorluq orqanı 1862-ci ildə qəbul edilən "Prokurorluq haqqında əsas müddəalar" adlı qanuna əsasən qurulmuşdu. Qanunda Rusiyada prokuror nəzarətinin təyinatını, onun predmetini, prokurorların vəzifə və səlahiyyətlərini müəyyən etmişdir. Həmin dövrlərdə Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apelyasiya hüququna malik Tiflis məhkəmə palatasının prokuroru və onun müavinləri həyata keçirirdilər. 1868-ci ilin fevralında Azərbaycanda tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissəsi olan 13 yeni məhkəmə idarələri yaradılmışdır.

Təbii ki, Çar Rusiyası zamanında yaradılan bu orqanların vəzifəsi hansısa cinayət hadisələrini araşdırmaqdan çox, imperiyanın maraqlarını tapdalayan şəxslərin cəzalandırılması olmuşdur. Azərbaycan dövlətinə bağlı, onun maraqlarını qoruyan prokurorluq orqanları isə 1918-ci ildə qurulan Cümhuriyyət dövründə qurulmuşdur. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti dövründə prokurorluq orqanlarının təşəkkülündə Nazirlər Şurası tərəfindən 1918-ci il noyabrın 14-də təsdiq edilmiş “Azərbaycan Məhkəmə palatası haqqında Əsasnamə” xüsusi əhəmiyyət kəsb edir. Əsasnamənin 4-cü bəndində göstərilir ki, prokurorluq Azərbaycan Məhkəmə palatası tərkibində fəaliyyət göstərən prokurordan və müəyyən sayda prokurorluq işçilərindən (prokurorun yoldaşlarından) ibarətdir. Əsasnamənin 6-cı bəndində göstərilir ki, Azərbaycan Məhkəmə Palatasının nəzdində yerləşən prokuror nəzarəti bütün Azərbaycan Respublikası ərazisində həyata keçirilir. Məhkəmə palatası yanında prokuror nəzarətini Palatanın Prokuroru və onun iki müavini həyata keçirir.

Azərbaycan Xalq Cümhuriyyətində prokuror nəzarətinin həyata keçirilməsinə Baş Prokuror rəhbərlik edirdi. O, eyni zamanda ədliyyə naziri idi və ali məhkəmə idarəçiliyi orqanlarının rəhbəri hesab edilirdi. Bundan başqa, Baş prokurora ibtidai istintaqın aparılmasına göz qoymaq vəzifəsi tapşırılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini cəmi 23 ay qoruyub saxlaya bildi. Azərbaycan Parlamenti 27 aprel 1920-ci ildə gecə saat 23.45-də başa çatan son tarixi fövqəladə 145-ci iclasında bolşevik Rusiyasının 11-ci Qızıl ordusunun təzyiqi altında kommunist firqəsinin tələbnaməsini qəbul edərək hökuməti onlara təslim etdi, parlament öz-özünü buraxdı. Beləcə, milli dəyərlərin müdafiəçisi qismində fəaliyyət göstərən prokurorluq orqanları da yenidən yerini sovet imperializminin maraqlarından çıxış edən repressiya aparatına buraxdı. Sovet hakimiyyəti illərində ölkəmizdəki prokurorluq orqanlarının fəaliyyətini Azərbaycan Baş Prokurorluq özünün rəsmi tarixində bu cür təsvir edir:

«1922-ci il 11 iyul dekreti ilə fəaliyyəti bərpa edilmiş Azərbaycan prokurorluğu müstəqil dövlət orqanı olmayıb Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının struktur qurumu kimi fəaliyyət göstərirdi. Həmin dövrdə prokurorluq orqanları sovet ideologiyasının həyata keçirilməsi üçün bir alət rolunu oynayaraq cəza aparatına çevrildi. Bu orqan vətəndaşları siyasi əqidəsinə görə təqib edib cəzalandırmaqla yanaşı, onun əməkdaşlarının özləri də repressiyalara məruz qaldılar. Təkcə 1937-1938-ci illərdə Azərbaycanda “düşmən və cinayətkar ünsür kimi” 21 nəfər prokurorluq işçisi mühakimə edilmişdir. Bunların arasında Azərbaycan SSR-in ilk prokuroru olmuş V.Q.Vəlibəyov, 1920-ci illərin sonu və 1930-cu illərin əvvəllərində Respublika Prokuroru olmuş V.M.Talıblı, həmin vaxtlar Azərbaycan SSR prokurorunun müavini vəzifəsini icra edən Ə.Ə.Babaxanov, Şamaxı rayon prokuroru Ə.Y.Əmirov və digərləri vardı».

Azərbaycanın prokurorluq orqanlarının yenidən milliləşməsi milli-azadlıq mübarizəsinin qələbə çalmasında sonralara təsadüf edir. Ölkəmizdə milli dəyərlərə söykənən bu dövlət qurumunu təsis etmək asan başa gəlməmişdi. Bunun da səbəbi prokurorluq orqanlarında hələ də rus qafalı insanların geniş kök salması idi. Təsadüfi deyil ki, sovet təfəkkürlü bu insanlar prokurorluq orqanlarını rüşvət toplama alətinə çevirmiş, Azərbaycanı bir dövlət kimi zəiflətməyi qarşılarına məqsəd qoymuşdu. Sözün geniş mənasında Azərbaycan həmin imperialist düşüncəli insanlardan yalnız 2020-cu ildə Prezident İlham Əliyevin Baş Prokurorluqda apardığı kadr islahatları ilə yaxasını qurtarmağa çalışmışdı. Bildiyimiz kimi, Prezident İlham Əliyev 2020-ci il may ayının 1-də dəyərli hüquqşünas Kamran Əliyevi Azərbaycan Respublikasının Baş Prokuroru təyin etmiş və bu kadr dəyişikliyini doğuran zərurəti bu sözlərlə əsaslandırmışdı:

«Kadr islahatları aparılır və bu islahatlar imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. Onlara önəmli vəzifələr həvalə edildi və hesab edirəm ki, bu da zəmanənin tələbidir. Çünki bu gün müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır. Yüksək keyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, parlamentdə və digər qurumlarda təmsil olunması bizim şüurlu seçimimizdir. Təbii ki, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər. Belə olan halda təbii ki, hüquq mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir».

Prezident həmin çıxışında yeni Baş Prokuror Kamran Əliyev və onun kollektivi qarşısında qoyduğu milli dəyərlərə malik prokurorluq sisteminin qurulmasında rəhbər tutulacaq prinsipləri belə ifadə etmişdir:

«Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin».

Nəzərə alsaq ki, Azərbaycan Respublikasının 4 dəyişilməz əsaslarından biri hüquqi dövlətçilikdir, Prezidentin yeni Baş Prokurorluqdan gözləntilərinin əsl səbəbini anlaya bilərik. Prezident İlham Əliyev Baş Prokurorluqdan dövlət prinsiplərimizi göz bəbəyi kimi qorumağı tələb edir və bunu açıq şəkildə dilə gətirirdi. Hesab edirəm ki, hörmətli Kamran Əliyev və onun ətrafındakı insanlar həqiqətən də bu yüksək dəyərləri qorumaq gücünə sahibdirlər və onların son zamanlar korrupsiyaya, dövləti cinayətlərə, xarici təxribatçılara qarşı amansız mübarizəsi də fikrimi təsdiqləyir.

Mən hörmətli Kamran Əliyevi və Baş Prokuroluqda işləyən bütün dostlarımı peşə bayramları münasibətilə təbrik edir, onlara işlərində uğurlar arzulayıram.

Mürvət Həsənli,

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri